Festivalın əsas məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində -toxumçuluqdan yığım və emala qədər - əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış olması, ixrac yönümlü istehsalın təşviqi və regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində mövsümün 14-cü və sonuncu Toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış “Qobustan”, “Əsgəran”, “Mətin”, “Maurizio”, “Qadio” buğda sortları, eləcə də “Qarabağ 22”, “Dəyanətli”, “İosif”, “Günəş” və “Finola” arpa sortları təqdim olunub. Fermerlərə bu sortların məhsuldarlıq, xəstəliklərə davamlılıq və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib.
Festivalın rəsmi açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyyətinin sədri Orxan Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, “Taş Obası” MMC-nin direktoru Özay Göküş, “Prime Cotton” sirketinin Neftcala, Saatli flilallarinin direktoru Bahəddin Leysanov çıxış ediblər.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında qeyd edib ki, pambıqçılıq rayonda əsas prioritet sahələrindən biridir və bu sahənin inkişafı həm regionun sosial rifahına, həm də ölkənin qeyri-neft sektorunun artımına mühüm töhfə verir. O bildirib ki, dövlət tərəfindən tətbiq olunan subsidiyalar, layihələr və yeni texnologiyaların istifadəsi nəticəsində Saatlı rayonunda pambıq istehsalı son illər ərzində əhəmiyyətli dərəcədə artıb. Elmir Bağırov həmçinin belə festivalların regionun kənd təsərrüfatı potensialının tanıdılması və yerli brendlərin formalaşdırılması baxımından vacib olduğunu vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədiv regionlarda keçirilən Aqrar Biznes Festivallarının fermerlər və sahibkarlar arasında əməkdaşlığın genişlənməsi üçün faydalı olduğunu qeyd edib, Agentliyin KOB-ların məhsullarının satışına dəstək alətləri barədə məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, ölkə üzrə keçirilən məhsul festivalları yalnız satış və sərgi məkanı deyil, eyni zamanda innovativ ideyaların paylaşılması, yeni biznes modellərinin formalaşması üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, fermerlər və sahibkarlar bu festivallar vasitəsilə tədarükçülərlə, maliyyə qurumları və texnologiya şirkətləri ilə birbaşa təmas qurmaq imkanı əldə edirlər.
“Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov şirkətin pambıqçılıq sahəsində gördüyü işlərdən danışaraq bildirib ki, məqsəd pambığın keyfiyyətli şəkildə emal olunması, dünya standartlarına uyğun məhsulların istehsalı və ixracın artırılmasıdır. O qeyd edib ki, bu istiqamətdə yerli fermerlərlə əməkdaşlıq genişlənir, yeni texnologiyalar tətbiq olunur və pambıqçılıqda müasir idarəetmə sistemləri formalaşdırılır.
Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov aqrar sektorda çalışan insanların əməyinin qiymətləndirilməsinin diqqət mərkəzində olduğunu qeyd edib. O bildirib ki, kənd təsərrüfatının dayanıqlı inkişafı yalnız texnoloji yeniliklərlə deyil, həm də əmək insanının sosial rifahının gücləndirilməsi ilə mümkündür.
Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, o cümlədən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da yaxından iştirak edib. İnstitutun stendində pambıqçılıq sahəsində aparılan elmi-tədqiqat işləri, seleksiya istiqamətində əldə olunan nəticələr, yerli və perspektiv pambıq sortları, həmçinin onların becərilmə texnologiyaları barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub. Bundan əlavə, pambıq bitkisində xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, bioloji və aqrotexniki tədbirlərin tətbiqi sahəsində əldə olunan yeniliklər də nümayiş etdirilib.
Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar geniş şəkildə sərgilənib.
Həmçinin 3–4 noyabr tarixlərində Saatlı rayonunda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Bootcamp” iştirakçıları öz məhsul və prototipləri ilə festivalın startap zonasında təmsil olunublar.
Tədbir zamanı pambıqçılıq sahəsində uzun illər fəaliyyət göstərən və əməyinə görə seçilən mütəxəssislər “Prime Cotton” MMC tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, Aqrar Biznes Festivalı çərçivəsində 3 noyabr tarixində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə də keçirilib. Paneldə fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar, dövlət proqramları və investisiya dəstəyi imkanları barədə məlumat verilib. Tədbir zəngin mədəni proqramla yekunlaşıb.
Tehsil-press.az











