Əcəl nərdivanı

Əcəl nərdivanı 4 gəncin faciəli ölümündə günahkar kimdir? Niyə ofisiantlar ümumiyyətlə nərdivan daşımalı idilər? Gənclər arasında işsizlik faizi nə qədərdir? Ofisiant, kuryer və sairə işlərdə çalışan gənclərin əmək hüquqlarını qoruyan idarə varmı?

Bu sualların indi, prinsipcə, heç bir əhəmiyyəti yoxdur - insanlar ölüb və onların üzərində qaldırılan torpaq təpəciyini belə suallar maraqlandırmır. Sadəcə, gələcək üçün yazdım, getdi. Guya gələcəkdə belə hadisələr təkrarlanmasın deyə. Məqsədim ülvi olsa da, nə qədər mənasız, ünvansız, absurd olduğunu yaxşı dərk edirəm. Anadoludakı qardaşlarımızda bu tip hallarda çəkilən misal var: “Atəş düşdüyü yeri yakar”. Yəni, indi nə oldusa, ölənlərin ailəsinə oldu. Onların dərdini, kədərini, faciəsini heç birimiz anlaya bilmərik.

Ancaq hər belə hadisədəki kimi, yeni elmi-ictimai, sosial-fiziki biliklərə çatdıq. Məsələn, öyrəndik ki, sən demə, ölümə səbəb olan yüksək gərginlikli elektrik xətti... özəl şirkətə məxsus imiş. Sən demə, ölkəmizdə elektrik şəbəkələri təzədən özəlləşdirilib, amma bizə xəbər verməyiblər. Anan ölsün, Hüseyn Arabul... Bə sənin parik taxıb, üzünü rəngləyib rezin qayıqda Gürcüstana qaçmaq cəhdinin nə mənası varmış? Elə bir az türmədə gözləsən təzədən özəl şəbəkə verərmişlər.

Kanalizasiya quyusuna düşərək həlak olan, meyiti yalnız Hövsan kollektorunun ucunda ələ gələn cavanın əhvalatında da buna oxşar izahat vermişdilər. Sukanal idarəsi israrla məsuliyyət tələb edən, pis çıxmasın, alov püskürən xalqa demişdi ki, orda kanalizasiyanı tikinti malı satan dükançılar əcəl quyusuna döndəriblər, bizim günahımız yoxdur.

Əlbəttə. Bütün yaxşı işlər hökumətlikdir, bütün pis işlər camaatlıq. Özümüzü apara bilmirik ki. Birtəhər əl-qolumuzdan tutub fırladırlar, yoxsa çoxdan qırılmışdıq. Bu şəraitə görə işıq idarəsinə dərin minnətdarlığımızı bildirir, bir daha ölmək istəyəndə nərdivanımızı onların dirəyinə söykəməyə and içirik. Söz veriblər, bütün qaranlıq işlərimizə işıq çəkəcəklər. Hələ hovuza su da buraxılacaq, noyabr isti keçməyə bir qədər davam eləsin...

Hələ sən obyektin adına bax: “Lake Hotel”. Biləcəridə sanki ingilislər yaşayır. Özü də nəcis və mazut iyi verən qır gölünün qırağında yaşamağa gəlirmişlər. Neçə dəfə mən şahzadə Endryünü və Harrini Biləcəridə “Ploşadda” eşşək ətindən halal dönər alıb vağzaldan keçən qatarları izləyərkən görmüşəm.

Bəs ana dilini qoruyan dövlətimiz niyə buna əncam çəkmir? Təklif edirəm, indən belə oranı “Göl hoteli” adlandırsınlar. Məcburən. Hətta daha mənalı-məzmunlu, tarixi irsi qorumaq baxımından “Öl hoteli” də ola bilər.

Ancaq vəziyyəti, ədalət naminə, tam tədbirsizlik də adlandırmaq olmaz. Elə bayaq söz açdığım kanalizasiya qurbanının istintaqı deyəsən bitib, məhkəmə olmalıdır və kanalizasiya idarəsinin məsuliyyətinə baxacaqlar. Yəqin qapağı vaxtında bağlamayan hansısa yetimə 2-3 il verərlər. Daha müdiri tutmaq olmaz ki. Müdirlərimiz hamısı sağlamlıq baxımından zəif olur, içəridə qalmaq onlara çətindir, humanist hökumətimizə yaraşmaz belə qiymətli insan kapitalına işgəncə versin. 3 il verirsən, 3 ay sonra ev dustağı, 3 gün sonra da maşallah, təzədən olur el ağsaqqalı, ya da ağbirçəyi. Lap apar elçiliyə. Ölənlə ölmək olmaz axı.

Az qala yadımdan çıxmışdı, o sığınacaqda intihar edən gözəl qız uşağına görə hansısa məmurun vicdanı sızıldayacaqmı? Axı dövləti biz həm də bütün yetimlərə sığınacaq olsun deyə yaratmışıq.

Ya mən səhv bilirəm, onlar özü öz başına çarə qılmalıdır?

Tehsil-press.az

Oxşar xəbərlər