“”Bu forum Azərbaycan jurnalistləri üçün “yol xəritəsi" olacaq” - Hacıbəy Heydərli

“”Bu forum Azərbaycan jurnalistləri üçün “yol xəritəsi D-8 Media Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahəyə yüksək diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir

"D-8 Media Forumunun Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycan bu günə qədər bir çox yerli və beynəlxalq tədbirin uğurlu təşkilatçısı kimi dünyada tanınıb. D-8 kimi mühüm quruma üzv ölkələrin media forumunun ölkəmizdə baş tutması Azərbaycanın həm də media sferasında ortaq layihələr həyata keçirməkdə maraqlı olduğunun göstəricisidir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O bildirib ki, D-8-ə üzv olan ölkələrin 1,2 milyard nəfərə yaxın əhalisi var və dünyanın geniş coğrafiyasını birləşdirən təşkilatdır. Eyni zamanda qlobal çağırışlarla bağlı media forumunun keçirilməsi göstərir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də dünyada baş verən qlobal dəyişikliklərə önəm verir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətində qeyd etdiyi istiqamətlər çox vacibdir. "Xüsusən dezinformasiyaya qarşı mübarizə, feyk nyuslar, dipfeyk tipli məlumatların yayımlanması, bundan başqa, süni intellektlə bağlı ortaq layihənin həyata keçirilməsi günümüzdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan forumun ölkəmizdə keçirilməsi Azərbaycanın yalnız iqtisadi, enerji, siyasi deyil, həmçinin media sahəsində təşkilata üzv ölkələrlə ortaq layihələrdə maraqlı olduğunun bariz göstəricisidir", - deyə o əlavə edib.

H.Heydərli qeyd edib ki, forumun panellərində dünyada media ilə bağlı məsələlərin müzakirəsi onu göstərir ki, Azərbaycan növbəti mərhələlərdə D-8-ə üzv ölkələrlə həm də media sahəsində əməkdaşlığı gücləndirəcək. Azərbaycan jurnalistləri üçün də bu forum bir "yol xəritəsi" olacaq. Təşkilata üzv ölkələrin bu sahədə fəaliyyət göstərən media qurumları ilə əlaqələrin qurulması çox önəmlidir. Sosial mediada gündən-günə artan dezinformasiyaların, saxta videoların qarşısının alınmasında həmin ölkələrin təcrübəsindən də istifadə etmək olar. Əslində, forum çərçivəsində həyata keçirilən "workshop"lar da buna istiqamətlənib. Azərbaycan jurnalistləri bu kimi istiqamətlərdə daha fəal şəkildə iş görə bilərlər.

Baş redaktor deyib ki, D-8 Media Forumunda qarşıya qoyulan əsas məqsəd üzv ölkələrin hər birində doğru, qərəzsiz, obyektiv məlumatların cəmiyyətə çatdırılması, eyni zamanda bu ölkələrin dezinformasiyaya qarşı birgə mübarizəsi prioritet istiqamətlərdir.

H.Heydərli düşünür ki, Azərbaycan jurnalistləri bu sahədə təcrübələrini də üzv ölkələrin nümayəndələri ilə bölüşəcəklər: "Növbəti mərhələlərdə qlobal dəyişiklik fonunda Azərbaycanın da bu prosesə töhfə verdiyinin şahidi olacağıq. Əslində, ilk media forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahəyə nə qədər diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Hazırda qlobal media mühiti sürətli transformasiya dövrü yaşayır. İnformasiyanın istehsalı və yayılması sahəsində texnologiyanın inkişafı imkanlarla yanaşı, risklər də formalaşdırır. Prezident İlham Əliyevin ünvanladığı müraciətdə də əsas risklər önə çəkilib".

O vurğulayıb ki, son illərdə yayılan yalan məlumatlar, saxta xəbərlər, dipfeyk texnologiyaları və süni intellektdən sui-istifadə halları dünyada ciddi narahatlıq doğurur. Bu proseslər ölkələrin imicinə, daxili ictimai-siyasi sabitliyinə və beynəlxalq münasibətlərdə etimad mühitinə mənfi təsir göstərir. Nəticə etibarilə informasiya məkanında qeyri-müəyyənlik artır, cəmiyyət arasında çaşqınlıq yaranır, bütövlükdə qlobal təhlükəsizlik mühiti zəifləyir. Məhz buna görə də D-8 Media Forumunun qarşısında duran əsas vəzifələrdən biri doğru, qərəzsiz, məsuliyyətli informasiya mühitinin formalaşmasıdır.

H.Heydərli qeyd edib ki, üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın gücləndirilməsi dezinformasiyaya qarşı birgə mübarizənin ən effektiv yollarından biridir: "Bu əməkdaşlıq həm regionda, həm də qlobal səviyyədə daha sabit və şəffaf media ekosisteminin qurulmasına mühüm töhfə verə bilər. Növbəti illərdə forumun, verilən qərarların əhəmiyyətini üzv ölkələrin cəmiyyətlərinin fəaliyyətində aydın şəkildə görəcəyik. Bundan sonra digər üzv ölkələrdə keçirilən media forumlarında Azərbaycan jurnalistlərinin, media nümayəndələrinin də iştirakı gözlənilir".

Tehsil-press.az

Oxşar xəbərlər