İblisəmi uymuş bəşəriyyət?..

İblisəmi uymuş bəşəriyyət?.. Əvvəl hərbi çağırış ildə iki dəfə idi, indi ilboyu olacaq – bəli, Putin Rusiyanı tamam hərbi relslər üzərinə keçirir. Oradan gələnlərdən – gedənlərdən soruşuram, hamısı bir ağızdan deyir ki, Rusiyada müharibə hələ hiss olunmur.

Doğrusu, bununla bağlı şəxsən mənim çox böyük şübhəm var: bəs qırılan yüz minlərlə insan rus və yaxud da rusiyalı deyilmi? Hətta belə olsa da yenə demək istəyirəm ki, darıxmayın, lap yaxınlarda necə var, hiss edəcəksiniz: hərb bir tərəfə, Trampın neft-qaz sanksiyaları alınsa, Rusiya iqtisadiyyatının əsas arteriyasını nəzarətə götürmək mümkün olsa (bu xüsusda nəinki Çinlə, hətta qardaş Türkiyəylə danışıqlar aparılır), dərziyə üz tutmalı olacaqsınız ki, şalvarlarınızın belini bir az daraltsın.

O günlərdə baxıram, Putin nə desə yaxşıdır? Bəs müharibə rusların genindədir! Bərəkallah! Sovet hökuməti buna baxanda yola gedəsiymiş!

Onda bariton səsli İosif Kobzon gecə-gündüz “Ruslar müharibə istəyirmi?” mahnısını oxuyardı. Kobzon müəllim hər dəfə bunu oxuyanda ağlımdan keçirdi deyim ki, kişi, ay İosif Davidoviç, çevril, arxana bax, səni müşayiət edən xorun hamısı hərbi mundirdədir. Bunun özü mahnındakı “sual”ın cavabı deyilmi?

Amma yenə şükür Sovetlərə. Ona görə ki, yoldaş Brejnevin də şüarı vardı: “Miru mir!”. Yəni, dünyaya sülh.

Düzdür, bunun da ardınca Əfqanıstan gəldi. Amma burada kiçicik qeydim var. Yazılanlara görə, Brejnev pis adam olmayıb. Hətta çox cəhdlər edibdir ki, istefa verib təqaüdə çıxsın, çünki çox xəstə imiş.

Amma buraxmırlarmış, müqəvva kimi ora-bura sürüyürlərmiş. Özü də bilirsiniz, kim? KQB rəhbəri Yu. Andropov.

Hətta Brejnevin son dövrlərində ölkəni faktiki olaraq bu adam idarə edirmiş. Hansının ki, ən böyük “xidməti” Əfqanıstan (belə yazırlar), içində az qala, üç yüz nəfər mülki sərnişin, hətta uşaq olan “Boeing”in vurulması, repressiv-cəza psixiatriyasını yenidən dirçəltmək (Saxarovu şəxsən özü “dəli” adlandırmışdı) olubdur.

Onun dövründə hətta Moskvada rahat gəzmək olmurdu. Sənədləri yoxlayırdılar ki, görək, kimsən, niyə iş vaxtı şəhərdə veyllənirsən, “sosialsit vətəninin çiçəklənməsi” üçün çalışmırsan!

Orta statistik İvanın Andropova minnətdar olması üçünsə cəmi bir predmet vardı: balaca “andropov” araqları, “alkaş”lar bununla qurdlarını öldürə bilirdilər, nisbətən ucuz idi.

Prezident Putin cənabları da məhz həmin məktəbin yetirməsidir. İndi nəticəni özünüz çıxarın.

Çörçill deyirdi ki, ruslar yeganə millətlərdəndir ki, yalnız güclə hesablaşırlar. Onun sözlərini tez-tez sitat gətirirəm. Putin cənabları özü bunu təsdiq edir: “Ruslar müharibə istəyirmi?” mahnısı daha oxunmur, belə ritorik suallar verilmir, əvəzində deyirlər ki, guya müharibə bədbəxt İvanın qanında, genindədir.

Əvvəllər belə şeyləri səfeh Jirinovski söyləyərdi və çox adam da buna baş qoşmazdı ki, əşşi, çərənləyir də, çünki ölkəni nisbətən də olsa, ayıq-sayıq, realist adamlar idarə edirdi. İnsafən, Yeltsinə nələr qoşmurdular! Biri “alkaş”, digəri “çar Boris” deyirdi, amma indi məlum olur ki, adam Putinlə müqayisədə böyük demokratmış...

İndi nələr baş verir? Sanki dünya məhvərindən çıxır. Yəqin eşitdiniz, Tramp cənabları da dedi ki, ABŞ-ın Dünyanı 150 dəfə dağıtmaq imkanı var! Buna da “bərəkallah!” düşür. Amma adam həm də demək istəyir: “Kişilər, bəlkə öyünmək üçün başqa predmet tapasınız? Axı Dünyanı siz yaratmamısınız ki, siz də dağıdasınız”.

Burada bizim Hüseyn Cavidin məşhur misraları lap yerinə düşür: “İblisəmi uymuş bəşəriyyət?”. Məncə, insanlar bu sualı özlərinə hələ çox verəcəklər.

Təəssüf, əsl demokratlar, həqiqətən də planetar təfəkkürlü insanlar hətta Qərb siyasətinə yüz ildən bir gələ, ya gəlməyə?

Ümidimizi bağlamışıq bir biznesmenə: hər dəfə də ürəklərimiz qopur ki, görən, tərəzinin o biri gözünə nə qoyacaq?

Belədəsə, sözümə inanın: bu Tramp da ürəyində bəlkə çalmalı ərəb şeyxlərinə qibtə edir, hətta Çin lideri yoldaş Si kimi (bir dəfə zarafatla demişdi bunu!) ömürlük prezident olmaq da keçir könlündən!

O gün baxıram, Suriyanın müvəqqəti prezidentindən guya zarafatla soruşur ki, neçə arvadın var? Bəlkə adamın imkanı olsaydı özü üçün hər ştatda bir hərəmxana açardı: lap ərəb şeyxləri kimi! Amma onun bu arzularının qarşısında hələki böyük maneə var: güclü ABŞ cəmiyyəti və zəhmət çəkin, bunun da nəticəsini özünüz çıxarın...

Əvvəllər deyərdilər ki, bəs böyük siyasət onunla məşğul olanlardan dəmir əsəblər tələb edir. İndi elə şeylər çılpaq olubdur ki, eyni əsəb sadə seyrçilərə də gərəkir.

Gündə bir xəbərlə çıxırlar camaatın qarşısına. Gah nüvə müharibəsilə, gah, nə bilim, robotlarla qorxudurlar insanları. Liliput Medvedev “nüvə şantajları” ilə hamının zəhləsini töküb.

Məndən inciməsinlər, balacaboy adamlar çox iddialı, təkəbbürlü olur. Bu adamın özü də, vəzifəsi də çox kiçikdir (yada Vladimir Vısotskinin məşhur nəğməsi düşür), diqqətə gəlməkçün bilmir, nə etsin?

Zənn edirdi ki, Putin “tandemokratiya rəqsi”ni axıradək onunla oynayacaq, amma alınmadı deyəsən, çünki yoldaş Volodyanın ətrafında liliputlar (bütün mənalarda) yetərincədir, neçə deyərlər, seçim böyükdür.

Həm də bilirsiniz, nəyi başa düşmürəm? Radişevdən, Çaadayevdən, Dostoyevskidən Tolstoya qədər və hələ bundan sonra da neçə - neçə rus ziyalısı! Məşəqqətli mənəvi axtarışlar! Birini zəhər içməyə məcbur etdilər, digərini dəli elan etdilər, üçüncüsü katorqaya göndərildi, başqası kilsədən xaric edildi!

Bilirsiniz, daha neçə rus ziyalısının adını çəkmək olardı? Amma əsas bu, deyil, odur ki, bütün əzablı axtarışların sonu bu imiş?.. .

Nə isə! Robotlar da gəlib çıxmır ki, rahatlaşaq. Beş-on il əvvəl robot-əsgərlər haqda yazırdılar. Deyəsən, fərarilik etdilər dəmir əclaflar; beş–üç aktiv müharibə ocağı var (Ukrayna, Yaxın Şərq, Hindistan-Pakistan və s.), amma heç birində robot-əsgərləri görmürük, hətta yoldaş Volodya da Ukraynada ölmək üçün hələki Şimali Koreyadan əsgər idxal edir, lap Monqolustan əti kimi...

Gələcəkdə çox şey dəyişə, tamamilə başqa formalar tapıla bilər. Vaxtilə biz də Ayzek Əzimovu çox oxuyardıq: robotlardan ən çox o kişi yazardı.

Bəlkə nə vaxtsa, robotlar ən çətin məsələni həll edəcək, özlərini tam idarə, hətta yarada biləcəklər. Mümkündür, onda fantastların ötən əsrdə söylədiyi müdhiş ssenari - robotlarla insanın müharibəsi gerçək olacaq.

Amma hələ dərinə getməyin belə məsələlərdə. Hələki bunlar fantastikadır. Sadəcə, dünyanın bəzi müftəxor və tənbəl məmurlarının elə bil arzusu - yuxusu çin olur. Kefdir, deyilmi? Robotlar gecə-gündüz işləyir, sənin əvəzinə də düşünür, haqq-hüquq istəmir, çörək tələb etmir, uzağı, “bolluca tok ver!” deyir! Sən də hürilərlə saunalarda, barlarda, ən gözəl kurortlarda kef çəkirsən! Xarici banklardakı hesablar da durmadan artır...

Bilirsiniz, yadıma nə düşür? Bir filmimizdə söylənilən gülməli, məzəli deyim:”ay, sən öləsən!”..

Əvvəla, dünyada heç nə elə-belə başa gəlmir, gərək, hər şeyin bədəlini ödəyəsən. Engelsi indi hamımız “dostlar siyahısı”ndan çıxarsaq da adam bunu 19-cu əsrdə yazırdı.

İkincisi, əgər nəsə cəmi insanlığa xidmət etmirsə, ona fayda gətirmirsə, həyatını mənalandırmırsa, kimə və nəyə lazımdır?

Dünyanın bəzi dövlətləri (xüsusən də içməyə su tapmayan İran mollaları) geçikmiş bir həvəslə AES-lər tikir, digərlərində, daha çox inkişaf etmiş ölkələrdə isə onları hələki bağlayır, konservasiya edirlər. Niyə? Ona görə ki, insanlar üçün ziyanlı və risklidir.

Bakteroloji-bioloji silah nüvə silahından da təsirli, güclüdür, amma onlardan istifadə etmək kiminsə ağlına gəlirmi? Gəlmir, çünki bütün bəşəriyyəti məhv edər. Belə şey bir–iki səfeh, paranoik, keçmiş “KQB şkurası”ndan çıxmış “siyasətçi”nin ağlına gələ bilər.

O ki qaldı keçmişdəki Frankenşteynlərə, indiki Robot qağalara, uşaqlıqda bir-iki gün güləşə də getmişdim, amma bircə həftədən sonra anladım ki, məndən güləşçi-filan çıxmaz. Di gəl, müəllimin-məşqçinin bir sözü hələ də qalıbdır yadımda: hər fəndin özünün kontr-fəndi də var! Nəticəsi yenə sizlikdir...

Tehsil-press.az

Oxşar xəbərlər