Qafqazda "geopolitik zəlzələ" artıq "rus divarı"nı dağıdır: Kremldən qopan İrəvan niyə Bakı və Ankaraya yaxınlaşır

Qafqazda Cənubi Qafqazdakı geoiqtisadi layihələrin regional siyasi-diplomatik proseslərə təsiri artıq qaçılmaz xarakter daşıyır... Bu önəmli geopolitik mərhələdə ümumiyyətlə, regionda uzunmüddətli sülhün geoiqtisadi bazası formalaşır...
Cənubi Qafqazda siyasi-diplomatik dinamika son vaxtlar ciddi şəkildə sürətlənib. Azərbaycan və Ermənistan arasında həm rəsmi səviyyədə, həm də cəmiyyətlərarası platformalarda intensivləşən təmaslar bölgədə uzun illərdir ki, davam edən hərbi-siyasi gərginliyin tamamilə aradan qaldırılması baxımından, önəmli mərhələyə keçildiyi anlamına gəlir. Eyni zamanda Rusiya, Türkiyə və Qərb ölkələrinin bölgədəki mövqeləri arasında formalaşan yeni balans regional sülh prosesinin daha mürəkkəb, ancaq həm də çoxşaxəli bir müstəviyə keçdiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri və bundan öncə isə Azərbaycan təmsilçilərinin İrəvana gedişi tərəflərin “yumşaq diplomatiya” xəttinə keçid etdiyini sezdirir. Üstəlik, bu təşəbbüslər məhz avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanatdan sonra daha sistemli xarakter almağa başlayıb. Bu, yüksək səviyyəli siyasi dialoqu dəstəkləyən, cəmiyyətlər arasında inamın bərpasına xidmət edən tamamlayıcı bir mexanizm rolunu oynayır. Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bu təşəbbüslərə açıq olması isə hər iki ölkənin postmünaqişə siyasi-psixoloji adaptasiya mərhələsinə keçmək istəklərinin artdığını da biruzə verir.

Ancaq müşahidələr onu göstərir ki, Rusiya siyasi dairələri prosesdən qətiyyən məmnun deyil. Ona görə də, Kreml Rusiyanın regional mövqelərini bərpa etmək üçün Azərbaycan-Ermənistan normallaşmasına müdaxilə mexanizmləri axtarır. Və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın 3+3 formatı ilə bağlı mövzunu yenidən gündəmə gətirməyə çalışması buna örnəkdir.

Məsələ ondadır ki, Rusiya diplomatiya idarəsinin təmsilçisi bu format üzrə növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməli olduğu israrla xatırladıb. Bu, Kremlin regionda dəyişən reallıqla hesablaşaraq, daha çevik geopolitik müdaxilə xətti qurmağa çalışdığını göstərir. Üstəlik, Kreml 2020–2022-ci illərdə imzalanmış üçtərəfli anlaşmaları hələ də əsas regional siyasi baza olaraq, təqdim edir. Bu sənədlərin aktuallığını yenidən ön plana çəkməklə, ABŞ və Qərb vasitəçiliyi qarşısında Rusiyanın mövqeyini mümkün olduqca, müdafiə etməyə çalışır. Və Mariya Zaxarovanın Bakı ilə İrəvan arasında Əbu-Dabi, Vaşinqton və Düşənbədə Rusiyanın iştirakı olmadan ikitərəfli görüşlər keçirdiyini vurğulaması Kremlin narahatlığını biruzə verir.

Kreml üçün daha bir məyusluq qaynağı onilliklər boyu Rusiyanin regional forpostu olmuş Ermənistanın Qərbə inteqrasiya siyasətinə paralel olaraq, Türkiyə ilə də yaxınlaşmağa cəhd göstərməsidir. Rəsmi Ankara da konkret şərtlər daxilində Paşinyan hakimiyyətinin bu cəhdlərinə pozitiv reaksiya verməyə başlayıb. Və bu, onu göstərir ki, rəsmi Ankara regional sülh prosesində Kremlin önünə keçməyi bacarıb, Türkiyənin Cənubi Qafqazdakı geopolitik mövqeləri tədricən Rusiyanın təsir mexanizmlərini daha çox bloklayır.

Məsələ ondadır ki, rəsmi Ankara Cənubi Qafqazda Azərbaycanla ortaq geopolitik hədəflərin reallaşmasında israrlı davranır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Türkiyə yalnız Azərbaycan və Ermənistan sülh sazişi imzaladıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır” bəyanatı Ankara-Bakı strateji regional ortaqlığında dəyişməz xəttin mövcud olduğunu təsdiqləyir. Yəni, rəsmi İrəvanın alternativ variantları önə çəkmək üzrə bütün cəhdlərinə baxmayaraq, Türkiyə üçün Ermənistanla münasibətlərin gələcəyi birbaşa olaraq, məhz Azərbaycanla yekun sülh sazişinin imzalanmasından asılıdır.

Halbuki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hələ də bu mövqe ilə razılaşmadığını açıq mətnlə ifadə edərək, bu iki prosesin bir-birindən asılı olmadığını vurğulayıb. Onun fikrincə, Türkiyə ilə münasibətlərin normallaşması, hətta Azərbaycanla sülhün təmin olunmasına mənfi yox, yalnız müsbət təsir göstərə bilər. Bu arqument isə Ermənistanın Qərbə daha sıx inteqrasiya kursuna paralel olaraq, Türkiyə ilə danışıqlarda fərqli siyasi-diplomatik çərçivə qurmaq istəyi ilə bağlıdır. Və bu ziddiyyətli yanaşmalar onu göstərir ki, Ankara-İrəvan xətti hələ uzun müddət regiondakı əsas geopolitik faktorlardan biri olaraq, məhz Bakı-İrəvan sülh prosesinin nəticələri ilə sıx bağlı qalacaq.

Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın regional iqtisadi blokadadan çıxması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının qaçılmazlığını da anlayır. Bu baxımdan, Ararat Mirzoyanın da qeyd etdiyi TRIPP (Zəngəzur dəhlizi) layihəsi regionun geoiqtisadi mənzərəsini dəyişdirə biləcək geostrateji nəqliyyat-kommunikasiya konsepsiyası kimi böyük önəm daşıyır. Çünki bu layihə reallaşacağı təqdirdə, Cənubi Qafqaz daha geniş bir coğrafiyanı — Türkiyə, Azərbaycan, Ermənistan, Orta Asiya, Avropa istiqamətlərini birləşdirəcək.

Rusiya üçün növbəti məyusluq qaynağı ondan ibarətdir ki, Qərb təsisatları bu layihəni ciddi şəkildə dəstəkləyirlər. Yəni, Kreml vaxtilə üçtərəfli anlaşma üzərindən Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini təmin etməyi hədəfləsə də, bu layihə hazırda ABŞ və Qərbin Cənubi Qafqazda təsir mexanizmlərini artıran və gücləndirən faktora çevrilməyə başlayıb. Və bu layihə indi Rusiyanın regiondan sıxışdırılması ilə yanaşı, həm siyasi gərginlikləri azaltmaq, həm də bölgədə qarşılıqlı iqtisadi asılılığı artırmaqla, davamlı sülh üçün struktur yaradılması ideyasına tamamilə uyğun gəlir.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda hazırda üç əsas geopolitik proses eyni vaxtda cərəyan edir. Bir tərəfdən, Azərbaycan-Ermənistan sülh prosesi intensivləşir. Vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və TRIPP layihəsi isə bu prosesin artıq real konturlara sahib olduğunu göstərir.

Digər tərəfdən, regional geopolitik güc mərkəzləri arasında yeni balans yaranır. Kreml Cənubi Qafqazdakı itirilmiş mövqelərinin neqativ təsirini nəzərə alaraq, Rusiyanin regional siyasətini daha praqmatik xəttə keçirməyə məcbur qalıb. Buna paralel olaraq, Azərbaycan-Türkiyə geostrateji ortaqlığı güclənir. Və Ermənistan isə Qərb platformalarına daha çox inteqrasiya etməyə can atır.

Nəhayət, Cənubi Qafqazdakı geoiqtisadi layihələrin regional siyasi-diplomatik proseslərə təsiri artıq qaçılmaz xarakter daşıyır. Belə ki, TRIPP (Zəngəzur dəhlizi) kimi regional nəqliyyat-kommunikasiya layihələrii indi artıq geopolitik və geostrateji proseslərin inkişaf istiqamətlərini müəyyən edən önəmli faktorlara çevrilməyə başlayıb. Və bu, ümumiyyətlə, regionda uzunmüddətli sülhün geoiqtisadi bazasını formalaşdırır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,


Tehsil-press.az

Oxşar xəbərlər