Şahbəddin Musayev “AzerGold” QSC tərəfindən “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda keçirilən ustad dərsində dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” tərəfindən icra edilən proqrama əsasən, Kiçik Qafqaz sıra dağları – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasını əhatə etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların aparılması nəzərdə tutulub.
Təqdimatda həmçinin dövlət şirkəti tərəfindən helikopterlə aparılan müasir və qeyri-invaziv axtarış metodlarından biri olan aeroelektromaqnetik tədqiqatlardan söz açılıb.
Qeyri-invaziv tədqiqatların əhəmiyyəti, bu metodun daha qısa müddətdə perspektivli sahələrin müəyyən olunmasına və yüksək maliyyə tələb edən buruqqazma işlərinə qənaət edilməsinə verdiyi töhfələr, eləcə də ekoloji səmərəliliyi vurğulanıb. Geoloq eyni zamanda mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdən də danışıb, Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatların gedişatı barədə ətraflı məlumat verib.
“AzerGold”un müşaviri qurumun 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və sosial ödənişlər, pərakəndə satış həcmləri, gəlirlər üzrə statistik göstəricilər, həmçinin həyata keçirilən sosial məsuliyyət layihələri barədə məlumatları da iştirakçılara təqdim edib.
Ustad dərsi sual-cavab və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Tehsil-press.az















