Xəbər verdiyimiz kimi, Sumqayıtda 72 yaşlı qadın iynənin təsirindən ölüb.Belə ki, hadisə noyabrın 25-də Sumqayıtın 45-ci məhəlləsinin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında baş verib. Şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Babaxanova orada ona vurulan iynənin təsirindən ölüb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib.
“İnyeksiya zamanı xəstənin halı pisləşmiş, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib. Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülmüş, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilmişdir”.
TƏBİB-dən verilən açıqlamaya əsasən, bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:30 radələrində şəxsdə bioloji ölüm faktı qeydə alınıb. “Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib”.
Məlumata əsasən, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub.
“İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilmiş, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olmuşdur. Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilmişdir”.
Tehsil-press.az










