Rayonlarda distant təhsil BAŞLAYIR

Rayonlarda distant təhsil BAŞLAYIR Rayon məktəblərində distant təhsil modeli sınaqdan keçirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, ölkə üzrə şagird sayı az olan yüzdən artıq məktəb mövcuddur və bu təhsil müəssisələrində distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, distant təhsil artıq Lənkəran–Astara regionundakı bir neçə məktəbdə pilot layihə kimi test edilib və ilkin nəticələr qənaətbəxş hesab olunur: “Hazırda proses pilot layihə çərçivəsində test mərhələsindədir”, – deyə V.Yaqublu qeyd edib.

Bununla belə, yeni tədris modeli cəmiyyətdə birmənalı qarşılanmır. İnfrastrukturun yetərliliyi, internetin keyfiyyəti, şagirdlərin onlayn dərslərə adaptasiyası və distant təhsilin real effektivliyi ilə bağlı suallar açıq qalır. Maraqlıdır, bölgə məktəblərində distant təhsilin uğurla tətbiqi üçün doğrudanmı yetərli hazırlıq aparılıb?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi açıqlamasında bildirib ki, distant təhsillə bağlı qərar təhsil müəssisələrinin optimallaşdırılması məqsədi ilə verilib:

“Bizim ölkədə distant təhsil ali təhsil istiqamətində tanınmır.

Amma təhsil haqqında qanunvericilikdə həm distant, həm əyani, həm də qiyabi təhsil təsbit olunub. Ali təhsildə ona görə tanınmır ki, əvvəlki dövrlərdə saxta diplom əldə etmə halları olmuşdu. Orta məktəblərdə isə distant təhsil qəbul olunandır. Çünki ucqar kənd məktəblərində müəllim çatışmazlığı var və şagird sayı azdır. Belə təhsil müəssisələrində distant təhsil artıq yaranıb və idarə olunur.

Bizim bölgələrdə elə məktəblər var ki, orada şagird sayı 20 nəfərdən azdır. Auditoriyalara daxil olduqda dərsdə 2 və ya 3 şagird olur. Elə sinif var ki, orada 1 şagird təhsil alır. Bu da dərslərin effektivliyinə ciddi təsir göstərir. Biz bunu xüsusi ilə yuxarı sinif şagirlərinin dərslərində hiss edirik.

Məsələn, sinifdə bir şagird olur deyə kimya müəllimi dərsə gəlib ona təhsil vermək istəmir. Yaxud da dərs saatı az olduğuna görə vacant yerlərin seçimində iştirak etmir. Həmin fənlərin dərsləri boş qalır. Bütün bunları nəzərə alıb qərar verildi ki, optimallaşdırma aparılsın. Nəticə etibarı ilə şagirdlər yenə də məktəbə gələcəklər, sadəcə olaraq, onlar bir neçə məktəbin şagirdi ilə birgə distant formada dərsə qoşulacaqlar”.

Ekspert bildirir ki, distant təhsilə qoşulan hər bir şagirdə kompyuter verilib:

“Eyni zamanda həmin məktəblər sürətli internetlə təmin olunublar. Nəzərdə tutulur ki, növbəti illərdə digər məktəblər haqqında da belə bir qərar verilsin. Bu təhsil müəssisələrində işıq, internet problemi olmayacaq. Bunun üçün qurumlar və nazirlik birgə işləyir. Rayonlarda distant təhsilin səmərəliliyi müsbət dəyərləndirilir. Uşaqlar bu layihə ilə daha da sosiallaşırlar. Çünki distant təhsilə qədər əgər sinifdə bir şagird olurdusa və o, dərsə tək qatılırdısa, indi isə dərsə qoşulanda xeyli sayda şagird olur. 10-15 nəfərlik müvafiq auditoriya formalaşır”.

E. Əfəndi bildirir ki, bu qərara qədər müxtəlif variantlar nəzərdən keçirilib:

“İlk olaraq belə bir təklif səsləndi ki, şagirdlərin daşınması üçün servis xidməti təşkil edilsin. Yəni, müvafiq nəqliyyat vasitəsi təşkil edilsin və həmin şagirdlər daşınsınlar. Lakin söhbət ucqar kəndlərdən getdiyi üçün bəzi hallarda o ərazilərə qar yağanda yollar bir müddət bağlanırdı. Yaxud da oraya yol yoxdur və gediş-gəliş məsələsi problemdir. Belə olan halda biz distant təhsilin olmasına olunmasına üstünlük verdik.

Bu layihə əsasən rayon məktəblərini əhatə edəcək. Bakıda isə inkluziv təhsil alanlara aid olacaq. Bəzən ailə müəllimin evə gəlməsini istəmir, yaxud da müəllim evə getməyə etiraz edir. Sağlamlıq imkanları məhdud olan şagirdlər belə çətinliklərlə üzləşirlər. Buna görə də qərara aldıq ki, onları distant təhsilə cəlb edək”.

Tehsil-press.az

Oxşar xəbərlər