"Şəhərdə yaşayan insanlarda nevroloji xəstəliklər daha çoxdur" - Röyanə Quluzadə

Son bir neçə ildə Azərbaycanda sinir sistemi xəstələrinin sayında kifayət qədər ciddi artım müşahidə olunur. Bele ki, 2020-ci ildə sinir sistemi xəstələrinin sayı 62126 idisə ötən il bu rəqəm 89.370-ə yüksəlib. Bu isə son 4 ildə təxmini 40 faizdən çox artım deməkdir.

Bu gün hər kəsi maraqlandıran sual son illər sinir sistemi xəstələrin sayında bu qədər artımın səbəbi nədir?

Mövzuyla əlaqədar danışan nevroloq Röyanə Quluzadə bildirib ki, sözügedən artıma müharibə və karantinin təsiri böyükdür:

"2020-ci ildə müharibə ilə əlaqədar panik atağı, nevrozu, təşviş həyəcan pozuntusu olan insanların sayı artdı. Bunu praktikada da gördük. Müharibədən sonra həyəcan, qorxu, panik, nəfəs darlığıyla bağlı müraciətlərin sayı çoxaldı.

Pandemiyada isə məcburi qapanmaya məruz qaldığımız üçün depressiya, suisid, özünəqapanma kimi hallar yayıldı. İnsanların çoxu artıq heç nədən həzz ala bilmir, özünə qapanır, heç yerə çıxmaq istəmirdilər".

Röyanə Quluzadə nevroloji xəstəliklərinin artmasına səbəb olan başqa faktorları da vurğulayıb.

Həkimin sözlərinə görə, burada ekoloji problemlər, şəhərdə yaşamaq, hətta hər yerə tələsmək belə rol oynayır:

"Şəhərdə yaşayan insanlarda nevroloji xəstəliklər daha çoxdur. Çünki şəhərdə stress, tıxac çoxdur, insanlar hər yerə tələsir. Bu da gərginliyə, sinirlə bağlı xəstəliklərin çoxalmasına səbəb olur. Həmçinin havanın çirkliliyi, karbon qazının sinir sisteminə təsiri də insanda yaddaşsızlıq, əsəbilik, huşsuzluq kimi hallar yaradır" .

Tehsil-press.az

Oxşar xəbərlər