Bu fikirləri filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi “əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” fikrindən və bu fikrə əks olaraq bəziləri tərəfindən səsləndirilən "ölkədə keyfiyyətli təhsil yoxdursa, nazirə niyə maaş verməliyik?" fikrindən danışarkən bildirdi.
Onun sözlərinə görə, təhsil çoxfaktorlu sistemdir:
"Proqramlar, dərsliklər, dərs yükü, sinifdəki şagirdlərin sayı, sosial mühit, valideyn faktoru, məktəbin infrastrukturu və s. bütünlükdə bu sistemin formalaşmasına xidmət edir. Müəllimi yalnız nəticəyə görə “cəzalandırmaq” onu yaradıcılıqdan çox formal öyrətməyə yönəldə bilər. Ümumiyyətlə, bütün bu yükü müəllimin boynuna qoymaq düzgün deyil.
Bəzilərinin nazirə cavabı isə əslində güzgü effekti yaradır. Təhsil siyasətinin uğuru fərdi müəllimlərin deyil, sistemin nəticəsi ilə ölçülür. Əgər illər ərzində səsləndirilən problemlər qalıcıdırsa, həlli yolunu tapmırsa, məsuliyyət təkcə aşağı pillələrdə deyil, yuxarı idarəetmədə də axtarılmalıdır. Təbii ki, təhsilin keyfiyyəti təkcə nazirin fəaliyyəti ilə də tam ölçülə bilməz; islahatlar gec nəticə verir, populist yanaşma real problemlərin dərinliyini gizlədir".
Dosent vurğuladı ki, təhsildə məsuliyyət zəncirvaridir.
"Şagird öyrənməyə motivasiyaya görə, valideynlərin dəstəyinə görə, müəllim peşəkarlığına, pedaqoji keyfiyyətə görə, məktəb rəhbərliyi düzgün təşkilati mühitə görə, nazirlik isə təhsil siyasətinə, resurslara, strateji vizyona və missiyaya görə cavabdehdir.
Uğurlu nəticə istəyiriksə, birini digərinə qarşı qoymaq və ya bütün məsuliyyəti müəllimin üzərinə atmaq yox, hər səviyyənin cavabdehliyini dəqiq müəyyənləşdirmək lazımdır. Əslində, real mövqe qarşılıqlı şəkildə söz atəşi açmaqda, toqquşma yaratmaqda deyil, sistemin şəffaf, ölçülə bilən və ədalətli şəkildə qiymətləndirilməsindədir. Təhsil günahkar axtarmaqla yox, məsuliyyəti bölüşdürməklə inkişaf edir", - deyə Vüsalə Ağabəyli yekunlaşdırdı.
Tehsil-press.az








