
Bu fikirləri təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlərin maaşının az olması mövzusundan danışarkən bildirdi. Onun sözlərinə görə, müəllimin aldığı maaşın dolanışığa kifayət etməməsi, onların əlavə iş axtarmasına səbəb olur:
"Bu da əsas müəllimlik işinə diqqət ayırmağa mane olur. Əgər müəllimin maddi sıxıntısı varsa, onun təşəbbüskarlığı azalacaq, dərsə yanaşması ciddi formadan formal formaya keçəcək. Müəllim artıq maddiyyat düşünəcək ki, pul qazanıb ailəsini saxlamalıdır. Əgər müəllim uşağını təmin edə bilmirsə, o, mənim uşağıma nə öyrədə bilər? Bu, müəllimi günahlandırmaq deyil, məsələ müəllim əməkhaqqısının az olmasından gedir. Müəllimlərin maaşı bazar iqtisadiyyatında onların ehtiyacını ödəmirsə, dövlətin təhsil siyasəti də uğur qazana bilməz. Nə etmək olar? Müəllim maaşı mərhələli formada artırıla bilər. Düzdür, hansısa “ağıllı” deyəcək ki, sertifikasiyaya görə artım var".
Müsahibimiz bildirdi ki, sertifikasiyaya görə maaş artımı kifayət deyil.
"Ölkədə regionlar arasında fərqlər nəzərə alınmalıdır. Sosial-iqtisadi balans əsasında differensial artım mexanizmi tətbiq oluna bilər. Bütün savadlı müəllimləri şəhərlərə yığmışıq. Müəllim yüksək bal toplayır, onu gətiririk Bakıya. Əksinə, yüksək bal toplayanları regionlara göndərməliyik. Müəllimə elə bir əməkhaqqı verilməlidir ki, o, regionda işləməyə maraqlı olsun. Müəllimlər üçün həmişə əlavə stimullaşdırıcı tədbirlər olmalıdır. Yüksək nəticəli müəllimlərə mükafatlar verilməli, tədris keyfiyyətinə əsaslanaraq əlavə maaşlar ödənməlidir. Uşaqların ali məktəbə girməsi, olimpiada nəticəsi və s. bunlarla həyata keçirilə bilər. Sosial güzəşt paketləri daha real olub, asanlaşdırılmalıdır. Deputat Əli Məsimlinin parlamentdəki çıxışı sadəcə müəllim maaşının azlığından şikayət deyil, həm də təhsil islahatlarının sosial əsasının zəifləməsinə diqqət çəkən xəbərdarlıqdır. Bu məsələ yalnız müəllimləri yox, ümumiyyətlə, ölkənin gələcəyi olan gənc nəslin taleyi ilə bağlıdır", - deyə təhsil eksperti vurğuladı.
Tehsil-press.az