Giriş-çıxışı olmayan dəmiryol stansiyası - NİYƏ TİKİLİB...

Giriş-çıxışı olmayan dəmiryol stansiyası - NİYƏ TİKİLİB... Yaponiyada dünyanın ən qeyri-adi dəmiryol stansiyalarından biri hesab olunan Seyryu stansiyası fəaliyyət göstərir. Bu stansiya Naguva ilə Nekasa stansiyası arasında, sıx meşəlik ərazidə yerləşir.

Bu barədə "Express" nəşri yazır.

Maraqlıdır ki, stansiyaya nə avtomobil yolu, nə də piyada cığırı aparır. Kənd ərazisində yerləşdiyi üçün ora yalnız qatarla getmək mümkündür.

Bildirilir ki, sərnişinlər stansiyaya yalnız qatar vasitəsilə çatır və oradan başqa istiqamətə çıxış yoxdur. Platformaya düşən şəxs faktiki olaraq həmin ərazidə qalmalı olur. Məhz bu xüsusiyyətinə görə stansiya 2019-cu ilin martında əsasən mənzərəni seyr etmək üçün müşahidə meydançası kimi istifadəyə verilib. Tikintiyə 112 milyon yen (təxminən 720 min dollar) xərclənib.

Stansiyanın yeganə platformasından Yaponiyanın kənd mənzərələri və Nişiki çayı üzərində açılan mənzərə xüsusilə diqqət çəkir. Bununla belə, ucqarda yerləşməsi tikinti prosesini də çətinləşdirib, materiallar son reysdən sonra qatarla daşınıb.

Baxmayaraq ki, mənzərənin cəlbedici olduğu bildirilir, stansiyaya illik ziyarətçi sayı 1000 nəfərdən azdır. Bu isə əvvəlcədən proqnozlaşdırılan 5000 nəfərlə müqayisədə xeyli aşağı göstəricidir. Səbəblərdən biri kimi baxış meydançasına yalnız əvvəlcədən bron edilməli olan xüsusi qatarın işləməsi göstərilir. Belə ki, həmin qatarın hərəkəti üçün azı 15 sərnişin olmalıdır.

Digər qatarlar isə Nişikigava Seyryu xətti üzrə bu stansiyadan keçsə də, burada dayanmayır. Buna görə sərnişinlər mənzərəni yalnız qatar pəncərəsindən qısa müddətdə izləyə bilirlər.

Sosial şəbəkələrdə istifadəçilər də maraqlı rəylər yazırlar. Məsələn, “Reddit” istifadəçilərindən biri konsepsiyanın yaxşı olduğunu, lakin oturacaq və istirahət imkanlarının olmamasını qəribə seçim adlandırıb. Digər ziyarətçi isə “Facebook” hesabında səfərin xoş olduğunu, lakin çayın digər tərəfində yolun mənzərəni qismən korladığını qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər