Bu qidaları yeyərkən diqqətli olun! XƏBƏRDARLIQ

Bu qidaları yeyərkən diqqətli olun! XƏBƏRDARLIQ Novruz bayramı ilə əlaqədar şirniyyatların qəbulu artır, lakin onların həddindən artıq istehlakı sağlamlıq üçün bir sıra risklər yarada bilər.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova şərhində şirniyyat qəbulu ilə bağlı tövsiyələrini bölüşüb:

“Şirniyyatlar, xüsusilə Novruz şirniyyatları kalorili qida hesab olunur. Tərkibində yağ və şəkər olduğu üçün həddindən artıq qəbulu orqanizmdə bir çox fəsada səbəb ola bilər. İlk növbədə, bu, çəkinin artmasına gətirib çıxarır. Eyni zamanda həzm problemlərinə səbəb ola bilər. Un məmulatlarının qəbulu zamanı qanda şəkər səviyyəsi sürətlə yüksəlir və sonra tez aşağı düşür. Bu isə orqanizmdə aclıq hissi yaradır və qida qəbuluna ehtiyac yaranır. Xüsusilə şəkərli diabet xəstələri şirniyyatları qəbul edərkən daha diqqətli olmalıdır”.

Mütəxəssis diqqətə çatdırıb ki, çox kalorili şirniyyatlar enerji versə də, sonradan yorğunluq, yuxululuq və halsızlıq yaradır:

“Çərəzlərə isə fərdi yanaşmaq lazımdır. Bəzi insanlarda çərəzlərə qarşı həssaslıq və ya allergiya ola bilər. Hətta sağlam insanlar da şirniyyatı həddən artıq qəbul etdikdə dəridə səpgilər, ishal yarana bilər. Buna görə də şirniyyatları artıq miqdarda qəbul etmək tövsiyə olunmur. Qaraciyər və ürək problemləri olan insanlarda isə yüksək kalori daxili orqan funksiyalarının pozulmasına və ürək-damar xəstəliklərinə səbəb ola, həmçinin pis xolesterin səviyyəsini artıra bilər. Belə şirniyyatları günün birinci yarısında qəbul etmək daha məqsədəuyğundur, bu, enerji verərək gümrahlıq yaradır. Ancaq axşam saatlarında, xüsusilə yeməkdən sonra qəbul edilən şirniyyatlar həzm problemləri yaratmaqla yanaşı, artıq çəkiyə səbəb olur. Yaxşı olar ki, belə şirniyyatlar yemək zamanı deyil, yeməklər arası qəbulu olsun. Üstəlik, gündəlik 1-2 ədəddən çox olmamaq şərtilə qəbul edilməlidir. İnsan orqanizmi gündəlik 2400–3000 kalori qida qəbul etməlidir. Həmçinin gündəlik karbohidrat miqdarını aşmamaq vacibdir. Eyni zamanda mövsümə uyğun meyvə və tərəvəz də qəbul edilməlidir ki, lifli qida olması səbəbilə həzmi asanlaşdırsın”.

Tehsil-press.az

Oxşar xəbərlər