“Prezident ailəsinə qarşı kibertəxribat sifarişlidir”- Vaqif Abdullayev

“Prezident ailəsinə qarşı kibertəxribat sifarişlidir”- Vaqif Abdullayev Biz xaricdəki anti-milli ünsürlərin və müxtəlif düşmən qüvvələrin davamlı olaraq Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı şər və böhran, qarayaxma kampaniyalarının şahidi olmuşuq.

Bu sözləri siyasi elmlər doktoru, professor, sabiq deputat Vaqif Abdullayev deyib.

Onun sözlərinə görə, son dövrlərdə isə süni intellekt texnologiyaları sayəsində daha da artan bu cür feyk materialların və qərəzli kiber-montajların yayılmasında başlıca məqsəd nüfuzlu şəxsiyyətləri, tanınmış ictimai xadimləri, dövlətimizin güclənən beynəlxalq mövqeyini gözdən salmaqdır: “Bunu təkcə Azərbaycanda deyil, başqa ölkələrin yüksək nüfuz sahiblərinə qarşı feyk-infolarda da görmək mümkündür.

Xüsusilə də, Cənab Prezidentimizin ailə üzvlərinə qarşı yönəlmiş bu kiberdələduzluq və şantaj təşviqatının əsas məqsədi Azərbaycan Prezidentinin dünyada artan sarsılmaz nüfuzu, qətiyyətli lider kimi beynəlxalq birlikdə qəbul edilməsindən doğan qısqanclıq, gözügötürməzlikdir.

Cənab İlham Əliyev qlobal miqyasda sülhə və əmin-amanlğın möhkəmlənməsi yönündə iradəli lider kimi tanınır , öz mövqeyini sərrast bəyan edir, Azərbaycanın heç kimdən asılı olmadığını və əzmakr siyasət yürütdüyünü əməli ilə təsdiqləyir. Onun Zayed İnsan Qardaşlığı sülh Mükafatı ilə təltif edilməsi Onun bəşəri lider olması göstərir. Eləcə də, Azərbaycan dövləti regionun sabitlik və barışdırıcı missiyası ilə nümunədir, qlobal forumlar Bakıda keçirilir. Bu və digər geosiyasi amillər fonunda Prezidentin daha da möhkəmlənən xarizmatik liderliyi bəzi xarici qüvvələri və onların əlaltılarını narahat edir, dövlət başçısının ailəsinə qarşı kibercinayətkar şəbəkənin maliyyəsi və sifarişi ilə şantaja əl atırlar. Ancaq bunların da təşkilatçıları çox keçmir ki, ifşa olunur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş əməliyyat nəticəsində Prezident ailəsinə qarşı şantaj xarakterli fəaliyyətlə məşğul olan şəxsin saxlanılması bunun konkret faktoloji təsdiqidir”.

V.Abdullayev əlavə edib ki, bu, Alyona xanım Əliyeva haqqında yayılan feyk yazıların bir mərkəzdən təşkil və idarə olunduğunu təsdiq edir: “Cinayətkar şəbəkənin üzvü də etiraf edir ki, onlar xaricdəki müxtəlif təxribatçı və antiazərbaycan qüvvələr tərəfindən verilən pul müqabilində bu cür dezinformasiya propaqandasına cəlb olunublar. Sözsüz ki, bu cür ucuz kampaniya heç vaxt əsil həqiqətləri, ictimai xadim olan Alyona Əliyevanın humanist obrazına zərrə qədər təsir edə bilməz. Azərbaycan cəmiyyəti milli dəyərlərimizə, adət-ənənələrimizə olduqca bağlı olan və əsil xanımlıq nümunəsi nümayiş etdirən Alyona xanımı çox sevir və onun nümunəvi sosial-humanist davranışlarını təqdir edir.

Məlum proseslər isə onu tələb edir ki, süni texnologiyaların köməyi ilə ictimai rəyin manipulyasiya edərək dövlətə olan inamı zəiflətməyə çalışan kibercinayətkar şəbəkə və onun trollarına qarşı daha güclü və qabaqlayıcı addımlar atılmalı, süni intellekt texnologiyalarının sosial media və informasiya məkanında mənfi meyillərinə qarşı nəzarət gücləndirilməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər