Azərkosmosun əməkdaşları Memarlıq və İnşaat Universitetinin tələbələri üçün infosessiya keçirib

Azərkosmosun əməkdaşları Memarlıq və İnşaat Universitetinin tələbələri üçün infosessiya keçirib Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri üçün infosessiya keçirib.
Azərkosmosun Strateji inkişaf və planlaşdırma departamentinin rəhbəri Natəvan Həsənova agentliyin fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verib. Bildirib ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Natəvan Həsənova çıxışında ölkəmizin 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığını da diqqətə çatdırıb.
Azərkosmosun Peyk və yerüstü qurğuların idarə edilməsi departamentinin mühəndisi İlkin Alıyev tələbələrə kosmosun faydaları və əhəmiyyəti, kosmosa buraxılan peyklər, onların istehsalı, istifadə müddəti barədə məlumat verib. İlkin Alıyev ölkədə kosmik fəaliyyət sahəsində Azərkosmosun rolu, maarifləndirici layihələr, tələbələr üçün karyera imkanlarından da danışıb.

Tehsil-press.az


Oxşar xəbərlər