Kinoşünas Ayaz Salayevin “Torpaq” filminin nümayişi olub

Kinoşünas Ayaz Salayevin “Torpaq” filminin nümayişi olub AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayevin ssenari müəllifi və rejissoru olduğu “Torpaq” filminin nümayişi olub.
Filmin ssenarisi 1988-ci ildə Ermənistandan deportasiya olunan məcburi köçkünlərin həyatı əsasında yazılıb. Filmin operatoru Rəşad Nuriyev, musiqisi Azər Əsgərov, montajçısı Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.
Təqdimat mərasimində institutun baş direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Ayaz Salayevin həm kinoşünaslıqda, həm də elmi-tədqiqat işlərində daim uğur qazandığını söyləyib. Bildirib ki, A.Salayev sənədlər əsasında və tarixi faktlarla danışan bir insandır. “Torpaq” filmində ssenari müəllifi azərbaycanlıların Ermənistandan deportasiya olunma tarixindən bəhs edir. Sadə quruluşa malik olan filmdə azərbaycanlılar öz acı həyat hekayələrini danışırlar. Bədii kino janrında təqdim olunan bu üslub A.Salayevin dəst-xətini bildirir. Aydın və sadə quruluşda təqdim olunan filmdə tarixi faktlar öz sözünü deyib.
AMEA Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Ayaz Salayevi geniş və hərtərəfli həyat və sənət təcrübəsinə malik olan bir insan kimi səciyyələndirib. Vurğulayıb ki, kinoşünas A.Salayevin “Torpaq” filmi tarixi nöqteyi-nəzərindən tarixi sənəd, hüquqi baxımdan isə erməni faşizmini dəstəkləyənlərə qarşı bir ittihamnamə sənədidir. Filmdə danışılan hadisələrin şahidi və elmi cəhətdən həmin dövrü tədqiq edən bir insan kimi A.Salayev ssenarini yazarkən onun tövsiyələrindən istifadə edib.
Daha sonra çıxış edən Ayaz Salayev filmin təqdimatının Milli Qurtuluş Gününə həsr olunduğunu söyləyib. O, “Torpaq” filminin kino sənətində yeni bir janr olduğunu, tarixi prosesi görüntü vasitəsilə göstərmək istədiyini deyib.
Çıxışlardan sonra “Torpaq” filmi nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər