Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq Azərbaycanda sentyabrın 26-da keçiriləcək Referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.
İclasda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edilib.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, referendumla bağlı bildirişlərin hazırlanması ilə əlaqədar tələblər avqustun 17-dək təsdiqlənəcək. Səsvermədə exit-poll keçirmək istəyən təşkilatlar sənədlərini sentyabrın 6-na kimi MSK-ya təqdim edə bilərlər. Avqustun 16-dək isə bununla bağlı qərar veriləcək. Səsvermə günü seçici fəallığı ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək.
İclasda referendumda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət ekspert qrupu və işçi qrupu yaradılıb. Ekspert qrupları seçki komissiyalarına daxil olmuş şikayətlərin araşdırılması ilə məşğul olacaqlar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər