Dünya təhsili qlobal maliyyə böhranı dövründə

Dünya təhsili qlobal maliyyə böhranı dövründə Qlobal maliyyə böhranı dünyanın bir sıra ölkələrinin təhsil sistemində ciddi problemlərə yol açıb. Maliyyə böhranı bütün dünyada tələbələrin mobilliyinə təsirsiz ötüşməyib. Bir çox ölkələrdə böhranın doğurduğu iqtisadi problemlər milli təhsil sektorunda da çətinliklərə səbəb olub. Lakin dünya universitetləri mürəkkəb maliyyə, makroiqtisadi konyunktura şəraitinə adaptasiya olunmaqda davam edirlər. Avropa ölkələrində büdcə xərclərinin azaldılması təhsilə ayrılan vəsaitlərin də azalmasına yol açıb. Bu isə Avropa ölkələrində heç də birmənalı qarşılanmayıb. Yunanıstan və Böyük Britaniyada, eləcə də digər ölkələrdə təhsil xərclərinin azaldılması tələbə etirazları ilə qarşılanıb və cəmiyyətdə kəskin mübahisələr doğurub. Təhsilə ayrılan xərclərin azaldılması, bir sıra universitetlərdə təhsil haqlarının artırılması və təhsil sistemində aparılan bir sıra təcili islahatlar beynəlxalq tələbə mobilliyinə də təsirsiz ötüşməyib. Maliyyə böhranı ayrı-ayrı ölkələrin təhsil sisteminə necə təsir edib:

ABŞ

Dünya təhsili qlobal maliyyə böhranı dövründə

Maliyyə böhranı dövründə Amerikada təhsil alan xarici tələbələrin sayı artıb. Beynəlxalq Təhsil İnstitutunun ( Vaşinqton) hesablamalarına görə, maliyyə böhranı dövründə Amerikada xarici tələbələrin sayı 700 minə çatıb. ABŞ-ın təhsil mərkəzlərinə üz tutan xarici tələbələrin sayında rekord göstərici müşahidə olunub. Ölkənin 3 minə yaxın universitet və kollecləri üzrə toplanmış məlumatlar sübut edir ki, xarici tələbələr arasında əvvəlki kimi Asiyadan olan tələbələrin sayı üstünlük qazanıb.
Asiyadan olan tələbələr bütün xarici tələbələrin 60 faizini təşkil edib. Beynəlxalq Təhsil İnstitutunun mütəxəssisləri qeyd edirlər ki, son 50 ildə Asiyadan olan tələbələrin sayı 60 dəfə artıb. Son 5 ildə bu sahədə artım tempi 28 faiz təşkil edib. Xaricdən olan tələbələrin sayı xüsusən də çinli gənclərin hesabına artıb. Böhran dövründə çinli tələbələrin sayı 30 faiz artıb, bu isə Amerikada 128 minlik Çin tələbə diasporunun yaranmasına gətirib. Çin öz vətəndaşlarını Amerikaya oxumağa göndərən ölkələr arasında lider mövqeyə çıxıb. İkinci yerdə Hindistandan olan tələbələrdir. Hazırda Amerikada təhsil alan hindistanlı tələbələrin sayı 105 mini ötüb. Çin, Hindistan və Cənubi Koreyadan olan tələbələr Amerikada təhsil alan xarici tələbələrin 45 faizini təşkil edirlər. Kanada, Tayvan və Yaponiyanın payına cəmi 4 faiz, bütün digər ölkələrin payına isə 2 faiz tələbə düşür. Maliyyə böhranına baxmayaraq hökumətin həyata keçirdiyi bir sıra təhsil qrantları sayəsində ABŞ-a gələn xarici tələbələrin sayı azalmayıb. Nəticədə Türkiyə, Böyük Britaniya, Fransa, Nigeriya, Malaziya, Venesuela və Vyetnamdan olan tələbələrin sayı artıb. Maliyyə böhranının bu və ya digər dərəcədə məruz qalan ölkələr isə Amerikaya göndərilən tələbə sayını azaldıblar. Məsələn, Yaponiya ABŞ-a göndərilən tələbələrin sayını 15 faiz, Meksikada 9 faiz, İndoneziyada 7,5 faiz, Keniya 5 faiz azaldıblar. Maliyyə böhranı şəraitində xarici tələbələr üçün ən cəlbedici ştatlar Kaliforniya, Nyu-York, Texasdır. Xarici tələbələrin sayına görə lider şəhərlər isə Nyu—York və Los-Anceles şəhərləridir. Xarici tələbələrin ən çox cəmləşdikləri universitetlər isə Cənubi Kaliforniya universiteti, Nyu-York Universiteti, İllinoys Universiteti, Kolumbiya Universiteti, Perdyu Universitetidir. Maliyyə böhranına baxmayaraq, Amerikada ali təhsil kampusların sayı 171-dən 186-ya çatıb. Kaliforniya Universitetinin Ali Təhsili Araşdırmalar Mərkəzinin məlumatına görə, ölkədə innonativ iqtisadiyyatın dəstəklənməsi üçün 2020-ci ilə qədər xarici tələbələrin sayını ikiqat artırmaq nəzərdə tutulur. Amerika ilə bu sahədə rəqabət aparan ölkələrdən Yaponiya bu rəqəmi üçqat artırmağı düşünür. Digər rəqabət aparan ölkələrin də bu sahədə ciddi planları var. Bir faktı qeyd etmək lazımdır ki, bütün xarici tələbələrin Amerika iqtisadiyyatına qoyduğu maliyyə vəsaitinin həcmi 20 milyard dollardan artıqdır. Beləliklə də qeyd etmək olar ki, qlobal maliyyə böhranı dövründə də Amerika təhsil sistemi davamlığını qoruyub saxlaya bilib. Bundan əlavə, maliyyə böhranı şəraitində Amerika universitetlərində xarici tələbələrin marağı azalmayıb.

AVROPA

Dünya təhsili qlobal maliyyə böhranı dövründə

Maliyyə böhranının Avropa ali təhsilinə təsiri probleminə Avropa Universitetlər Assosiasiyasının araşdırması həsr olunub. Məlumata görə, böhranın müxtəlif ölkələrin təhsil sisteminə fərqli təsiri müşahidə olunur. Bir sıra ölkələr təhsilə ayrılan xərcləri azaltmaq yolunu tutublar. Avropanın yalnız Norveç və Fransa kimi ölkələri ali məktəblərdə vəziyyətin möhkəmləndirilməsinə öz aktiv maliyyə resusları və işlənib hazırlanmış qanunvericilik aktlarının köməyi sayəsində nail ola biliblər.
Statistik məlumatları təhlil edən assosiasiyanın mütəxəssisləri təhsil sisteminə ayrılan vasitələrin azaldılması səviyyəsinə görə Avropa ölkələrini 6 qrupa ayırıblar. Birinci qrupa Latviya, İtaliya, Yunanıstan və Böyük Britaniya aiddir. Latviya böhran illərində təhsilə ayrılan vəsaitləri 48 faiz, daha sonra isə daha 18 faiz azaldıb. İtaliya 2013-cü ilə qədər təhsil sahəsinə vəsaitlərin 20 faiz azaldılmasını nəzərdə tutub, lakin ölkənin 25 universiteti artıq defolt vəziyyətdədir. Yunanıstan təhsilə ayrılan vəsaitin həcmini 30 faiz azaldıb. Təhsil haqlarının üçqat artırılması, təhsil xərclərinin 40 faiz azaldılması Britaniya təhsil sisteminin ümumi simasını tam dəyişə bilər. İslahatlar ingilis təhsil sistemini bölüb. Daha çox tanınan universitetlər təhsil haqlarının artırılması ideyasına müsbət yanaşıblar, onlar büdcə kəsirlərini tədqiqat qrantları və digər proqramlar hesabına doldurmağa meyl edirlər. 2011-2012-ci illərdə Britaniyada elmi tədqiqat layihələrinə ayrılan vəsaitlərin 13 faiz – 2010-2011-ci illərdəki 2,06 milyard funt-sterlinqə qarşı 1,8 milyard funt-sterlinqə qədər azaldılması nəzərdə tutulub. İkinci qrupa aid olan İrlandiya, İslandiya, Estoniya, Rumıniya və Litva kimi ölkələr təhsilə ayrılan maliyyə vəsaitini 10 faiz azaldıblar. Şərqi və Cənubi Avropa ölkələri – Çexiya, Xorvatiya, Serbiya və Makedoniya təhsil xərclərini 5 faiz azaldıblar. Dördüncü qrupa aid olan ölkələrdə maliyyə vəsaitlərinin azaldılması təhsil sahəsinə toxunmayıb və ya bu təsir cüzi olub. Bu ölkələrə Norveçi, İsveçi, Fillandiya, Danimarka, Hollandiya, Polşa və İsveçrəni göstərmək olar. Bir sıra ölkələr dəyişilmiş iqtisadi konyunkturanın təsiri altında büdcə vəsaitlərinin artırılmasından imtina ediblər. Macarıstan, Belçika, Avstriya, İspaniya kimi ölkələrdə təhsil sahəsində islahatlar təxirə salınıb. Yalnız 6-cı qurupa aid olan azsaylı ölkələr var ki, maliyyə böhranı şəraitində öz milli təhsil sistemlərini dirçəldə və bu sahədə maliyyə vəsaitlərini artıra biliblər. Böhran dövründə Fransada qəbul olunmuş proqrama müvafiq olaraq təhsilin inkişafına 11 milyard avro, elmi fəaliyyətin inkişafına 11 milyard avro, yeni universitet kampuslarının yaradılmasına isə 8 milyard avro ayrılıb. Almaniyada ali təhsil sisteminin davamlı inkişafına əlavə vəsaitlərin ayrılması nəzərdə tutulub. Yeni qanun layihəsinə (Higher Education Pact) müvafiq olaraq 2015-ci ilə qədər sayı artmaqda olan tələbələrin dəstəkləməsinə 800 milyon avro xərclənəcək. 2012-2015-ci illəri əhatə edən araşdırmalar və innovasiyaların inkişafı üzrə qanun layihəsi çərçivəsində alman təhsilinin rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə milyard avro ayrılacaq. Qeyd edək ki, maliyyə böhranı dövründə Almaniya təhsil sistemi xarici tələbələr üçün cəlbediciliyini qoruyub saxlayıb. Almaniya beynəlxalq tələbə mobilliyinə görə Amerika və Böyük Britaniyadan sonra üçüncü yerdədir.
Maliyyə böhranı şəraitində bir sıra universitetlərdə (Estoniya və İspaniyada olduğu kimi) tədris proqramları və ya bütövlükdə fakültələr bağlanıb. Bu dövrdə bir sıra akademik müəssisələrin birləşməsi müşahidə olunub. Böhran dövründə Finlandiyada ali məktəblərin sayı 20-dən 15-ə azalıb ki, bu da universitetlərin birləşməsinin nəticəsidir. Birləşmə nəticəsində yeni nəhəng təhsil mərkəzləri – ölkənin milli təhsil flaqmanı hesab oluna biləcək universitetlər yaranıb. Eyni tendensiya Danimarkada da müşahidə olunub. Bu ölkədə fəaliyyət göstərən 25 universitet və elmi-tədqiqat mərkəzlərinin əvəzinə 8 universitet və 3 elmi-tədqiqat mərkəzi yaradılıb.
Fransada 3 ali məktəbin birləşməsi nəticəsində ölkənin ən böyük ali məktəbi Strasburq Universiteti yaranıb. Təhsil müəssisələrinin birləşməsi üzrə planlar Uels, Belçika, Almaniya, İsveçdə də mövcuddur.

Avropa böhrandan çıxış yolunu tapıb

Dünya təhsili qlobal maliyyə böhranı dövründə

Avropa Komissiyasının təhsil və mədəniyyət üzrə komissarı Andrullina Vassiliu Avropa təhsil sistemində mövcud olan böhrandan çıxış yolunu belə görür: <<Hazırda yaşadığımız dəhşətli iqtisadi böhran bəzən eyni dərəcədə və eyni qüvvə ilə cəmiyyətimizə təsir edən digər böhranları, məsələn, təhsil sahəsindəki böhranı qiymətləndirməyə mane olur. İndi daha çox sayda gənclər təhsillərini başa çatdırmamış orta məktəbləri atmaqda davam edir, bir sıra ölkələrdə, ali təhsilli gənclərin sayı kifayət dərəcədə azdır. İspaniya kimi ölkələrdə isə gənclər arasında işsizliyin səviyyəsi sadəcə qeyri-məqbuldur. Yaşı 25-ə qədər olan ispan gənclərinin 43 faizi oxumur və ya işsizdir. İqtisadi böhran və məktəb böhranı yanaşı gedir və biz onlardan hər hansı birindən vəziyyətdən çıxa bilmərik>>. Qeyd edək ki, Avropa Komissiyası maliyyə böhranı şəraitində Avropa təhsilini böhranlı vəziyyətdən çıxarmaq üçün <<Avropa - 2020>> strategiyası hazırlayıb. Bu strategiya Avropa qitəsində təhsilin sabit və hərtərəfli inkişafı üçün ciddi proqramların həyata keçirilməsini nəzərdə tutur. Bu konteksdə təhsilə ayrılan vəsait, təhsil və yaradıcılıq seçim deyil, iqtisadi inkişaf üçün qaçılmaz şərtdir. Bütün diqqəti insan kapitalına yönəltmək Avropanın məşğulluq probleminin həllində ən yaxşı biznes-plan hesab olunur. Strategiyanın əsas hədəflərindən başlıcası 2020-ci ilə qədər orta məktəbləri atanların faiz göstəricilərini 14 faizdən 10 faizə qədər azaltmaqdadır. Strategiyanın əsas məqsədlərindən biri isə ən azı gənclərin 40 faizinin gələcəkdə ali və ya ona ekvivalent olan təhsil almalarına nail olmaqdır. Avropa komissiyası bu ambisiyalı vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün pul xərcləməkdən çəkinmir.

Böhrandan çıxış üçün keyfiyyətli təhsilə daha çox pul xərcləmək lazımdır

Dünya təhsili qlobal maliyyə böhranı dövründə

Avropa Komissiyasının 2014-2020-ci illər üçün büdcə vəsaitlərinin ən böyük hissəsi məhz gənclərə və onların təhsilinə xərclənəcək.
7 il ərzində bu məqsədlər üçün 15,2 milyard avro sərf olunacaq ki, bu da ümumbüdcənin 73 faizini təşkil edir. Böyük maliyyə vəsaitləri gənclərə öz imkanlarını və peşəkarlıqlarını reallaşdırmağa imkan verəcək. Bu isə Avropaya təhsil sahəsində ədalət səviyyəsini yüksəltməyə, təhsil sistemini təkmilləşdirməyə imkan verəcək. Nəticədə Avropa təhsili bütün dünyada istedad yarışmasında rəqabətə davam gətirməyə təminat qazanacaq. Hazırda 400.000-ə yaxın gənc, tələbə, müəllim və tədqiqatçı təhsil haqqının ödənməsi, eləcə də Erasmus proqramı və digər proqramlar çərçivəsində xaricdə təhsil üçün hər il Avropa İttifaqının təqaüdlərini alır. Yeni strategiya çərçivəsində isə Aİ artıq bütün Avropada 800 min təhsil alana maliyyə yardımı göstərə biləcək. Erasmus proqramında iştirak edən bütün tələbələr Aİ-nin təqaüdlərindən yararlana biləcək. Avropa komissiyasını 2013-cü ilə qədər olan qüvvədə olan hazırkı büdcəsində Avropa regionlarında təhsil və peşəkar təlimin həyata keçirilməsi üçün 72,5 milyard avro nəzərdə tutulur. Çoxları hesab edir ki, maliyyə böhranları şəraitində məktəblər, təhsil və elmi-tədqiqat işlərinə ayrılan vəsaitlərin həcmini azaltmaq lazımdır. Lakin Avropa komissiyası hesab edir ki, əksinə, təhsilin inkişafına ayrılan vəsaitlərin həcmi artırılmalıdır. Təhsil və mədəniyyətə ayrılan vəsaitlər xərclər deyil, investisiyasıdır. Çünki, mədəniyyət və yaradıcılıqla bağlı olan sahələr Aİ ümumdaxili məhsulunda 4,5 faiz təşkil edir və bu, 3,8 faiz yeni iş yerləri verir. Deməli, təhsilə, gənclərin yaradıcılığı və innovasiyalara pul ayırmaq məşğulluq səviyyəsinin inkişafına yol aça və iqtisadi böhranla mübarizədə yardım göstərə bilər.

Nikbin proqnozlar

Dünya təhsili qlobal maliyyə böhranı dövründə

Dünya miqyasında iqtisadi sabitləşmənin baş verməsi fonunda bir sıra ölkələrdə vəziyyət yaxşılığa doğru dəyişməkdədir. Davamlı iqtisadi sabitləşmə şəraitində ali məktəblər dünya məkanında daha fəal rol oynamağa başlayır, öz inkişafı yolunda müxtəlif strategiyalar seçir. Bir sıra universitetlər öz tədris-təlim bazasını yaxşılaşdırır, kampuslarını genişləndirir. Böhranlı vəziyyət eyni imkanlar axtarışını labüd edir. Ali məktəblər daha fəal surətdə yeni texnologiyalardan istifadə edir və distant təhsil sisteminin inkişafına xüsusi diqqət ayırırlar. Dünyanın aparıcı ölkələrinin öndə gedən ali məktəbləri üzrə aparılmış monitorinqlər göstərir ki, qlobal maliyyə böhranı dövründə intelektual kapitala qoyulan investisiyalar universitetlərə bir sıra çətinliklərini həll etməyə imkan verir. Diplomlar və əldə olunan biliklər ən etibarlı sərmayə hesab olunur. Buna görə də bu gün tam əsasla demək olar ki, dünyanın aparıcı ali məktəbləri böhranlı dövrdən yeni innovativ təhsil proqramları ehtiyatı ilə çıxacaqlar.

Xarici mətbuat materialları əsasında hazırlandı


Oxşar xəbərlər