Xaricdə təhsil proqramının formatı dəyişdirilir -Nazirdən açıqlama

Xaricdə təhsil proqramının formatı dəyişdirilir -Nazirdən açıqlama Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Tehsil-press.az-a daxil olan məlumata görə, nazir tələbələrin "Xaricdə təhsillə bağlı" sualını da cavablandırıb.
-Bəzi tələbələrimiz ümumiyyətlə ölkə hüdudlarından kənarda təhsil alırlar. Bildiyimə görə, gənclərin xaricdə təhsili üzrə birinci Dövlət proqramı bu yaxınlarda - 2015-ci ilin dekabrında tamamlanıb. İkinci proqramın da işə düşməsi planlaşdırılırmı? Əgər planlaşdırılırsa, nə vaxt olacaq və birinci proqramdan nə ilə fərqlənəcək?
- Həmkarlarımla hökumətdə müzakirələrin gedişatında gənclərin xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən ortaya çıxan toplanmış təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edildi. Məlumdur ki, 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə etdilər. Yarım mindən çoxu bu gün də təhsillərini davam etdirirlər. Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın mahiyyəti təkcə xaricə tələbə göndərilməsindən ibarət deyil, diqqət milli ali təhsil məktəblərimizin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq. Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar üçün) say normasının tətbiqi təklif olunur. Ali məktəblər, ilk növbədə, mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər. Bu iş sosial-iqtisadi inkişafın prioritet və tələblərinə, yeni iqtisadi şəraitdə milli iqtisadiyyatın qabaqcıl sahələri üzrə mütəxəsislər hazırlayan təhsil sahələrinə bilavasitə istinad olunmaqla koordinasiya ediləcək. Təbii ki, bu, onların bizə müraciətləri əsasında baş verəcək.
Təxminən bu məsələlərin tam öyrənilməsi bir akademik ili əhatə edəcək. Ona görə də biz bu il qabaqcıl ali məktəblərimizə daha yüksək müsabiqə ilə qəbul gözləyirik. Həmçinin ali təhsilini ingilis dilində almağa üstünlük verən abituriyentlər üçün qəbul imtahanlarını SAT formatında vermək imkanı olacaq. Bu imkan əvvəllər yalnız ADA Universitetinə qəbul olan tələbələr üçün mümkün idi. Belə ki, nəticələr ürəkaçan oldu, biz bu müsbət təcrübəni tədris proqramı ingilis dilində olan digər ali təhsil məktəblərinə də şamil etməyi planlaşdırırıq. Bu, təbii ki, onların bizə müraciətləri əsasında baş verəcək.
Nazir gənclərə Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi və humanitar əlaqələrdən, ölkəmizdə son illər iqtisadi və siyasi sahələrdə qazınılan nailiyyətlərdən, rus dilində təhsilin inkişafı və digər mühüm məsələlərdən danışıb.
Mikayıl Cabbarov tələbələrin suallarına cavab verərək xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur. Bu sahədə qanunvericilikdə dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək və yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir.
Nazir, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaş təhsil alır və onların yarısından çoxu Çindən gəlib. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün heç bir maneə yoxdur.
Nazir Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirərək deyib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.

tehsil-press.az


Oxşar xəbərlər