INNOVATIV UNIVERSITETDƏ DİSTANT TƏHSİL

INNOVATIV UNIVERSITETDƏ DİSTANT TƏHSİL
İlham ƏHMƏDOV
ADPU-nun dosenti


1. Distant təhsil 21-ci əsrin təhsil innovasiyasıdır

Dünyada gedeən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı kefiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. İnformasiya məkanında universitetlər elm və innovativ inkişaf mərkəzlərinə çevrilirlər, bu zaman əsas məqsəd təhsil innovasiyalarının yaradılması və yayılmasıdır. Təhsil innovasiya – universitet fəaliyyətiin kefiyyəti və rəqabətə davamlılığının yüksəldilməsi məqsədi ilə yeni yaradılmış və ya təkmilləşdirilmiş pedaqoji təyinatlı son məhsuldan istifadədir. Universitetdə innovativ proses yeniliklərin yaradılması, tətbiqi, yayılması istiqamətində kompleks fəaliyyət olub, elmi tədqiqatların, idarəetmə qərarlarının, maddi-texniki infranstrukturun yaradılması və inkişafını nəzərdə tutur. Universitetin innovativ fəaliyyəti təhsil mühitinə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir. Universitetin innovativ fəaliyyəti nəticəsində qlobal əmək bazarı üçün rəqabət qabiliyyətli kadrlar hazırlamaq mümkün olur.
Təhsilin modernləşdirilməsinin, innovativ inkişafa istiqamətlənməsinin yolu ölkədə virtual təhsil sisteminin yaradılmasından keçir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu mühüm tələb – “Azərbaycan virtual dərslər keçirməlidir” kimi müəyyən edilmişdir. Bu tələb milli təhsil sisteminin prespektiv inkişaf sektorunu müəyyən etməlidir. Bu səbəbdən bütün strateji təhsil sənədlərində republikada virtual təhsilin, distant təhsilin yaradılması və inkişafı xüsusi qeyd edilir.
Distant təhsil (DT) texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına inteqrasiyası baxımından əhəmiyyətlidir.
DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşmanın mühüm tələbidir. Distant təhsil 21-ci əsrin təhsil innovasiyasıdır.
Beynəlxalq təhsil məkanında belə bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya ümumən olmur, ya da çox zəif inkişaf edir. Çünki, virtual təhsil real təhsil üzərində qurulur, inkişaf edir, təhsilin məzmununu hər iki halda eyni kriteriya ilə - milli təhsil standartları ilə müəyyən edilir. Əgər universitetin professor-müəllim heyəti keyfiyyətcə müasir tələblərə cavab vermirsə (belə hallar əsasən ali təhsilə az investisiya qoyan, universitetlərinin büdcəsi kiçik olan, professor-müəllim heyətinə az məvacib verilən ölkələrdə müşahidə edilir), bakalavr və magistrləri müasir tələblərə cavab verən keyfiyyətli dərslik və tədris metodik komplekslərlə təchiz edilmirsə, onda bu materialların elektronlaşmasının, pedaqoji heyətin virtual fəaliyyətinin səmərəsi olmaz (əgər pedaqoji heyətin ümumiyyətlə vitual iş səriştəsi varsa). Beynəlxalq təcrübə göstərir ki, 10.000 tələbəsi olan universitetin 20 ixtisas üzrə distant təhsil verməyə başlaması üçün 5-10il vaxtı, 50 milyon avro vəsait lazımdır. Ali təhsilin büdcəsi və bu səbəbdən də keyfiyyəti aşağı olan ölkələrdə səmərəli DT sisteminin yaradılması yaxın on illiklərdə real görünmür. Milli universitetlərimizdə ditant təhsilin məzmun, texnologiya və idarəetmə baxımından köklü yeniləşməsini tələb edir. Digər ciddi problem universitetimizdə distant təhsil texnologiyasını mükəmməl bilən və bu sistemi konkret universitetdə reallaşdırmağa qadir olan kadrların olmamasıdır. Belə kadrların hazırlanmasına isə illər lazımdır.
İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş, vahid milli informasiya – təhsil məkanı yaranmışdır. Bu gün dünyada on milyonlarla insan DT texnologiyaları əsasında sistematik təhsil alır. DT auditoriyalara sığmayan, sərhədsiz, transmilli, təhsil texnologiyasıdır. Təhsil yönümlü Beynəlaxalq təşkilatların, cəmiyyətlərin, o cümlədən YUNESKO-nun təhsil siyasətinin mühüm istiqamətlərindən biri DT sisteminin inkişafıdır. YUNESKO artıq qlobal şəbəkə universiteti yaratmışdır. Bu gün DT-nin yaradılması kütləvi ali təhsili formalaşdırmaqla bərabər, iqtisadiyyatın kadr təminatı problemlərini operativ həll edir, ölkənin qlobal səviyyədə müsbət imicinin fərmalaşmasına dəstək verir.
Bu gün dünyada təhsil böyük bir biznesdir. DT beynəlxalq təhsil xidməti bazrında təhsilin ixracının mühüm vasitəsi və texnologiyasıdır. ABŞ hər il DT texnologiyaları əsasında təhsil ixracından 7 milyard dollar, Avstraliya 3 milyard dollar mənfəət götürür. Qlobal məkanda DT bu gün elə bir templə inkişaf edir ki, proqnozlara görə 2015-ci ildə dünya universitetlərinin 80%-i bu texnologiya əsasında təhsil verəcəklər.
DT - təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya – təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir.
İnformasiya – təhsil mühiti örənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.

DT tələbə və müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır.
Bu gün bir çox ölkələrdə DT-nin eyni zamanda müxtəlif modelləri tətbiq edilir. Bu modellərin tətbiqi ilə əlaqədar qərarı universitetlər özləri qəbul edir. Universitetin hansı model əsasında DT verməyə imkanı varsa, o modeli də seçir. Məsələn, Türkiyənin Anadolu Universiteti uzun müddətdir ki, açıq universitet formasında fəaliyyət göstərir. Anadolu Universiteti hazırda 1,5 milyon tələbə tələbə ilə dünyanın 3-cü meqauniversiteti hesab edilir. 30 ildən artıq müddət ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında, bu gün isə müasir, yüksək texnologiyalar əsasında DT reallaşdırır. Türkiyənin başqa universiteləri isə digər DT modellərinə üstünlük verirlər. Məqalədə Anadolu Universitetinin bu yöndə fəaliyyəti barədə qısa məlumat vermək istərdik.

2. Anadolu Universiteti İnnovativ Universitetdir

Anadolu Universitetinin təməli 1958-ci ildə qoyulmuşdur. Bu təhsil ocağı həmin vaxt Eskişehir İqtisadiyyat və Ticarət Elmləri Akademiyası kimi fəaliyyətə başlasa da, 1982-ci ildə Anadolu Universiteti adını almışdır. Qısa vaxt ərzində nəinki Türkiyənin, hətta dünyanın ən böyük universitetləri arasında öncül universitet kimi tanınmışdır. Bir elm və mədəniyyət mərkəzi olan Eskişehirin mərkəzində yerləşən Anadolu Universitetin 14 fakültəsi, 1 Dövlət Konservatoriyası və 23 araşdırma mərkəzi vardır. Universitetin 3 fakültəsi distant texnologiyalar (uzaqdan egitim) əsasında fəaliyyət göstərir. Eskişehirə aid hava limanı da Anadolu Universitetinin ərazisində yerləşir. Türk əhalisi sistemində 54 illik təcrübəsi olan Anadolu Universiteti 1,5 milyon tələbəsi və 5 min müəllim heyəti ilə dünyanın 3-cü ən böyük Meqa Universitetidir. Bu universitet türk dünyasında ilk və yeganə Meqa Universitetdir.
Son 30 ildə dünya və Türkiyə təhsil sistemində ən böyük innovasiyanın distant təhsil olduğu şübhəsizdir. 20 iyul 1982-ci ildə Türkiyə daxilində uzaqdan təhsil sistemini qurmaq səlahiyyəti Anadolu Universitetinə verilmişdir. Anadolu Universiteti Açıköğretim fakültəsi 1982-1983-cü tədris ilində hər kəsə bərabər təhsil hüququ tanıyan, yüksək standartlara TC-də məsafədən təhsil sistemini reallaşdıran ilk fakültə olmuşdur. İlk tədris ilində İqtisadiyyat və Biznes İnzibatçılığı proqramlarına 29500 tələbənin təhsil alamaq üçün qeydiyyatdan keçməsi, məsafədən təhsil sistemi vasitəsilə ali təhsilə olan ehtiyac və tələbin böyük olduğunu ortaya çıxmışdır. 1983-cü ildən başlayaraq Türkiyədə Anadolu Universitetinin təqdim etdiyi distant təhsil xidmətlərinə olan təlabat sürətlə artmışdır.
Anadolu Universitetin təməl fəlsəfəsi olan “Ömür boyu təhsil” yaşından asılı olmayaraq – “7-dən 77-yə” hər kəsə şamil edilə bilər.
Bu gün informasiya elə bir sürətlə dəyişir ki, tələbənin təhsil müddətində öyrəndikləri bilik və bacarıqlar məzun olana qədər artıq köhnəlir. Tədqiqatlara görə, gün ərzində orta statistik insanın qəbul etdiyi informasiyanın təxminən 45%-i televiziyadan, 27%-i internetdən, 10%-i radiodan, 9-11%-i mətbuatdan, 5%-i mobil telefonlardan və yalnız 1%-i əyani təhsil aldığı ehtimal olunur. Ömürboyu bilik almaq üçün bilik və texnologiyanı sintez edərək istifadə etməyimiz daha səmərəlidir.Təhsil texnologiya ilə paralel istifadə edildikdə problemlərin həllinə daha yaxın oluruq. Biliyin 2-3 ildə köhnəldiyi müasir dünyamızda “Ömür boyu təhsil” fəlsəfəsi çox aktuallaşır, insanlar artıq konkret bir peşənin diplomu ilə kifayətlənmirlər. İnsanlar texnologiyaların imkan verdiyi hər şəraitdə, hər məkanda, zamandan asılı olmayaraq, öz bilik səviyyəsinə uyğun daha ucuz, daha keyfiyyətli şəraitdə təhsil almaq istəyirlər.
Anadolu Universiteti Distant təhsil texnologiyası ilə insanlara rahat ali təhsil almaq imkanı yaradır. Distant təhsil texnologiyası Türkiyənin ali təhsil sektorunun böyük qismini əhatə edir. Bu texnoligiya təhsil, səviyyə, mülki aviasiya, aqrar, polis, hərbi və s. sferalarda çalışan kadrlara orta ixtisas, ali təhsil, əlavə təhsil imkanları yaradır.
Anadolu Universitetinin distant təhsil sistemi 35 tədris proqramını əhatə edir. Anadolu Universiteti ölkə sərhədlərini aşaraq Şimali Kipr Türk Respublikası, Azərbaycan və 21 Qərbi Avropa ölkəsində müasir distant təhsil xidmətlərini təqdim edir. Hazırda Türkiyə universitetlərində təhsil alan tələbələrin 40%-i Anadolu Universitetinin tələbəsi adını daşıyır. Müxtəlif səbəblərdən təhsilini davam etdirə bilməyən tələbələr, fiziki əngəlli vətəndaşlar, həbsxanadakı məhkumlar da distant təhsil vasitəsi ilə ali təhsil almaq imkanlarına malikdirlər.
Dünyanın bir çox məşhur universitetləri arsında yaşayan qlobal rəqabətin içində yer alan Anadolu Universiteti həmişə ilk sıralarda mövqe tutur. Bu yolda e-təhsil ideyalarından bəhrələnən Anadolu Universiteti müasir İKT vasitələrindən səmərəli istifadə edərək daim yeni – innovativ təhsil proqramları həyata keçirir.
Anadolu Universiteti Kembric Univeristeti ilə 1.5 illik ortaq çalışma nəticəsində Türkiyənin dövlət kanalı TRT-nin də iştirakı ilə “məsafədən ingilis dili tədrisi” proqramı reallaşdırmağa başlamışdır. Türkiyənin Milli Dəmir Yolları Təkmilləşdirmə Mərkəzi də Anadolu Universiteti ilə birgə layihə hazırlamışdır. TC Milli Dəmir Yolları Təkmilləşdirmə Mərkəzinin sifarişi ilə Milli Dəmir Yolları sektoru üçün distant texnologiyalarla kadr hazırlığı həyata keçirələrcək. Bu layihəni, Anadolu Universitetinin rektoru Prof.Dr. Davut Aydın “Türkiyə Respublikasının layihəsi” adlandırmışdır.
Anadolu Universiteti təhsil sahəsində qazandığı nailiyyətlərlə kifayətlənmir, öz Strateji Proqramlarına sadiq qalaraq, daim inkişafdadır.
Anadolu Universiteti qardaş Azərbaycan Respublikasında da təhsilin innovativ inkişafını dəstəkləyir, milli təhsilimizin inkişafına, rəqabətə davamlı kadrların hazırlanması ciddi dəstək verir. Bu çərçivədə Azərbaycan Milli Aviasiya Akademiyası və Avrasiya İnnovasiya İnstitutu ilə ayrı-ayrılıqda əməkdaşlıq protokolları imzalanmışdır. Avrasiya İnnovasiya İnstitutu ilə imzalanmış əməkdaşlıq protokolu T.C.Yüksək Öğrətim Kurumu (YÖK) tərəfindən 2009-cu ilin martında təsdiq edilmişdir. Azərbaycanda distant təhsil sahəsində Anadolu Universiteti ilə imzalanmış bu protokola uyğun olaraq Anadolu Universitetinin distant texnologiyalar əsasında təhsil alan tələbələrinə hər iki tərəfin razılığı əsasında Türkiyənin “Modern Anadolu Egitim və Turizm hizmetləri...” şirkəti və bu şirkətin Azərbaycandakı nümayəndəliyi tərəfindən texniki xidmətlər göstərilməyi başlanmışdır. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üçün, xüsusən də qeyri-neft sektoru üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Əməkdaşlığın digər məqsədi Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərinə, türk ortaqlığı ilə çalışan yerli müəssisələrə kadr hazırlamaq və orada çalışan əməkdaşların diplomdan sonrakı fasiləsiz təhsilini təşkil etməkdir.
Artıq 3 ildir ki, azərbaycanlı tələbələr ölkəmizi tərk etmədən Anadolu Universitetinin menecment , iqtisadiyyat, xarici ticarət, turizm və otel idarəçiliyi, ictimaiyyətlə əlaqələr və tanıtım ixtisasları üzrə distant texnologiyalar əsasında təhsil alırlar. Bu tələblər arasında Azərbaycandan, həmçinin Türkiyə, Rusiya və Gürcüstandan olan gənclər var, onların bir qismi ikinci ali təhsil alırlar. Müxtəlif ixtisaslar üzrə Türkiyədə 2 illik məzun olub, ali təhsillərini distant formada tamamlamaq istəyən bir neçə tələbə də Anadolu Universitetinin Azərbaycan proqramlarında öz təhsillərini uğurla davam etdirirlər.
Artıq bütün sivil dünya informasiya cəmiyyətinin təhsili olan distant təhsilin keyfiyyət və səmərəsini yüksək qiymətləndirir, bu texnologiyadan öz təhsil sistemlərində geniş istifadə edir. Əminik ki, yaxın gələcəkdə bizim respublikamızda da bu innovativ təhsil texnologiyası öz layiqli qiymətini alacaq, geniş tətbiq ediləcək. Belə virtual texnologiyalar əsasında milli təhsil sistemimiz qlobal təhsil məkanına səmərəli şəkildə inteqrasiya edəcək. Bu proseslər milli təhsildə beynəlxalq rəqabət mühitini gücləndirəcək. Bu yönümlü innovativ prosesləri inzibati yollarla əngəlləmək faktiki olaraq real rəqabət imkanlarını məhdudlaşdırmaq, dünya təhsilindən təcrid edilməyə səbəb olar. Bu proseslər qloballaşmanın , Boloniya prosesinin, tələbə və müəllim mobilliyinin (hələlik virtual mobilliyin) addım səsləridir, bu addım səsləri ölkəmizdə getdikcə daha aydın eşidiləcəkdir. Distant təhsil qlobal informasiya təhsil məkanına inteqrasiyanın yeganə yoludur. Əminik ki, bu yolda Anadolu Universitetinin Azərbaycan təhsilinə, onun innovativ inkişafına verdiyi real dəstək milli təhsilimizin innovativ inkişafında öz müsbət rolunu oynayacaq.

Oxşar xəbərlər