Azərbaycanın turizm imkanları ərəb mediasında

Azərbaycanın turizm imkanları ərəb mediasında Bir sıra ərəb və Avropa ölkələrində, eləcə də ABŞ-da dərc olunan, əsasən modern həyat, sərmayə və turizm mövzularını işıqlandıran BƏƏ-nin tanınmış “Amwal” jurnalında Azərbaycanda turizm imkanlarına həsr olunmuş məqalə çap edilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən Tehsil-press.az-a verilən məlumata görə, məqalənin əvvəlində baş redaktor Azərbaycanın coğrafi mövqeyi barədə oxuculara məlumat verir. Bildirir ki, 11 iqlim qurşağından 9-nun məhz ölkəmizin ərazisindən keçir. Azərbaycan rəhbərliyinin bu amildən bacarıqlı istifadə etməyi hesabına paytaxt Bakıda, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qəbələ, Quba, Qusar, Naftalan və digər rayonlarda yüksək beynəlxalq meyarlara cavab verən müasir turizm infrastrukturu yaradılıb, bənzərsiz orqanik dada malik kənd təsərrüfatı məhsulları yetişdirilir. Bu xüsusda, müəllif orqanik məhsullardan hazırlanmış milli mətbəx nümunələrinin özünəməxsusluğunu qabardır, Azərbaycan mətbəxinin şahı olan aşın bir neçə növdən ibarət olduğunu qeyd edir.
Sonra paytaxt Bakı üzərində dayanan müəllif Xəzər dənizində qərarlaşan bu müasir şəhərin qədimlik və çağdaşlığın estetik sintezini özündə ehtiva etdiyini yazaraq, əsas şəhərimizin zəngin mədəni-tarixi irsə, eləcə də “Heydər Əliyev Mərkəzi”, “Alov Qüllələri”, “Bakı limanı”, “Park Bulvar” kimi müasir memarlıq əsərlərinə malik olduğunu oxucuların diqqətinə çatdırır. O, başqa xalqların mədəniyyəti və tarixi ilə maraqlanan turistlərə şəhərdə çoxsaylı muzey və abidələrin olduğunu bildirir, əsrlər boyu öz tarixini nəql edən qədim Qız qalasının UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil olduğunu oxucuların nəzərinə çatdırır. Məlumat üçün bildirilir ki, Azərbaycan mədəniyyəti və tarixinə özəl qayğı ilə yanaşan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli mədəni-tarixi irsimizin dünya miqyasında tanıdılması yönündə nəhəng səylərini önə çəkir.
Xalid Zəhr həm gözəl iqliminə, həm ləziz təamlarına, həm də çağdaş turizm infrastrukturuna görə paytaxtımızın, o cümlədən rayonlarımızın yay tətilləri üçün ideal məkan olduğunu vurğulayaraq, may-sentyabr aylarını əhatə edən çimərlik mövsümündə paytaxt çimərliklərinə getməyi, o cümlədən günəş qürubunu seyr etməyi oxuculara tövsiyə edir.
Müalicəvi turizm mövzusuna keçən jurnalın baş redaktoru, həmçinin müxtəlif əzələ-oynaq xəstəliklərinin müalicəsi üçün paytaxtdan 200 km aralıda yerləşən füsunkar Naftalan rayonunda yaradılmış şəraitə toxunur, həmin xəstəliklərin aradan qaldırılması prosesində müalicəvi xüsusiyyətlərə malik ağ neftdən də istifadə olunduğu barədə oxucuları məlumatlandırır.
Sonra respublikamızın, həmçinin palçıq vulkanları ilə zəngin olduğuna diqqət çəkən yazar 2004-cü ildə Ginnes rekordlar kitabına düşmüş dünyanın ən iri palçıq vulkanının məhz ölkəmizin ərazisində yerləşdiyini xüsusilə qeyd edir.
Məqalədə, eyni zamanda ölkəmizin dünya idman ailəsinin fəal üzvü olduğu əks edilir, 2015-ci ilin 12-28 iyun tarixlərində respublikamızda möhtəşəm idman yarışı hesab edilən Birinci Avropa Oyunlarının keçirildiyi, həmin yarışlarda 50 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə yarışdıqları və qarşıda 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi məlumat üçün bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər