Azərbaycanla BƏƏ arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanla BƏƏ arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Dubay Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Məcid Saif Əl Ğureyr və Palatanın prezidenti və baş icraçı direktoru Həmad Buamim ilə görüş keçirib.

Bu barədə Tehsil-press.az-a səfirlikdən məlumat verilib. Görüşdə səfir D.Şikarov, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı səmərəli münasibətlərin formalaşdığını və Azərbaycanın bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu qeyd edərək, Azərbaycan və BƏƏ arasında həm hökumətlərarası səviyyədə, həm də xalqlar arasında gözəl münasibətlər mövcud olduğunu vurğulayıb.
Səfir bildirib ki, Azərbaycan xalqı BƏƏ xalqını özünə yaxın dost və qardaş hesab edir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində iki dövlətin bir birinə göstərdiyi daimi dəstək bunun ən gözəl təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfəri bu əməkdaşlığın inkişafına əlavə stimul və təkan verib. Bu səfərlər iqtisadi, ticarət və investisiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.
Səfir qeyd edib ki, 2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycan və BƏƏ arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon ABŞ dollarından bir qədər artıq olub. Bununla belə, hazırkı göstəricilər iki ölkənin potensialına cavab vermir və qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür. Xüsisilə kənd təsərrüfatı, turizm və inşaat sektorlarında əməkdaşlıq üçün böyük imkanlar var. Azərbaycanın ekoloji təmiz, yüksək keyfiyyətli və eyni zamanda ucuz kənd təsərrüfatı məhsulları ilə Dubayı təmin edə biləcəyini deyən Səfir Azərbaycan məhsullarının bu ölkənin bazarına çıxışı üçün Dubay Ticarət Palatası tərəfindən də müvafiq dəstəyin göstəriləcəyinə ümid etdiyini deyib.
D.Şikarov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən müsbət iqtisadi dinamika, aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar, həyata keçirilən iri inşaat və infrastruktur layihələri haqqında qarşı tərəfi məlumatlandıraraq, BƏƏ-li işadamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin imkanlarından istifadə etməyə dəvət edib.
Turizm sahəsindəki əməkdaşlığa da toxunan Səfir, bu istiqamətdə son aylarda yaşanan dinamizmin məmnunluq doğurduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-li turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Müqayisə üçün əgər 2015-ci il ərzində BƏƏ-dən Azərbaycana cəmi 2500-3000 turist səfər etmişdisə, 2016-cı ildə təkcə mart ayında bu göstərici 3000-dən çox olmuşdur. Azərbaycanın təbii gözəllikləri, getdikcə inkişaf edən və ilin görd fəsli istirahətə imkan verən turizm infrastrukturu, zəngin mətbəxi və qonaqpərvərliyi ölkəmizə turist axınının daha da sürətlənəcəyini deməyə əsas verir.
Öz növbəsində, Dubay Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Məcid Saif Əl Ğureyr ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına veridyi əhəmiyyəti vurğulayıb. Qeyd edib ki, iki ölkənin rəhbərliyi arasındakı sıx münasibətlər bütün digər sahələrin inkişafına öz müsbət təsirini göstərir. Azərbaycan son illər çox sürətli inkişaf yolu keçib və bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Dubay Ticarət Palatasının təşkil etdiyi və bu regionu əhatə edən bütün beynəlxalq tədbirlərdə Azərbayana xüsusi önəm verilir. Bu önəmin göstəricisidir ki, Dubay Ticarət Palatasının ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə məhz Bakıda açılıb və artıq bu nümayəndəliyin xətti ilə bir sıra uğurlu layihələr həyata keçirilib. Bunun davamı kimi, cari ilin 9-11 may tarixləri arasında Dubay Ticarət Palatasının ərzaq məhsullarının idxalatçısı olan şirkətlərdən ibarət nümayəndə heyətinin Azərbaycana ticarət missiyası nəzərdə tutulub. Bu missiya, Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsullarının Dubay və bötüvlükdə BƏƏ bazarına çıxışı üçün əlavə imkanlar açacaqdır.
Daha sonra, BƏƏ vətəndaşlarının Azərbaycanı turizm məkanı kimi yeni kəşf etdiklərini deyən Əl Ğureyr, əvvəllər BƏƏ istiqamətində müşahidə olunan turist axınının indi əks istiqamətə yönəldiyini vurğulayıb. O, bu göstəricilərin yaxın illərdə kəskin artacağına inandığını bildirib. Sonda görüşə görə bir daha Dubay Ticarət və Sənaye Palatasının rəhbərliyinə təşəkkür edilib və üzərində Azərbaycan milli musiqi alətlərinin həkk olunduğu xatirə hədiyyəsi təqdim olunub.


tehsil-press.az

Oxşar xəbərlər