Təhsil krediti almaq istəyənlər üçün yeni şans

Təhsil krediti almaq istəyənlər üçün yeni şans "Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.

Fonddan Tehsil-press.az-a verilən məlumata görə, ikinci elan sessiyası 1-31 oktyabr tarixlərində başlayacaq.
Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.
Xatırladaq ki, Fondda kreditin verilməsi ilə bağlı 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olan və sənədləşmə uyğunsuzluğu olanlar olub.
Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.
Fond dövlət ali təhsil müəssisələri - Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib. Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. Fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək.
Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.


Tehsil-press.az

Oxşar xəbərlər