Universitet tələbələri Bakı Metropolitenində təcrübə keçir

Universitet tələbələri Bakı Metropolitenində təcrübə keçir “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təlim-tədris mərkəzində ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupu iştirakçılarının metropolitendə təcrübə kurslarının başlanması ilə bağlı tədbir keçirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, akademik və iş mühitləri arasında əlaqələri möhkəmləndirmək üçün qurumun strukturlarında yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasına imkan yaratmaqdır.
Gənclərin inkişafına və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə dəstək olmaq metropolitenin mütəmadi həyata keçirdiyi layihələrdəndir. Təhsil Nazirliyinin təşəbbüsü və “Bakı Metropoliteni” QSC ilə birgə əməkdaşlıq çərçivəsində tələbələrin metropolitendə təcrübə keçmələri bu addımların davamıdır.
Layihəyə uyğun olaraq, metropolitenin struktur bölmələrində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələrinə ixtisasları üzrə sahələrdə təcrübə toplaması üçün bütün şərait yaradılıb. Təcrübə bir ay müddətində davam edəcək. Kursun sonunda iştirakçılara “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq ki, bu da metropolitendə çalışmaq arzusunda olan gənclərə verilən növbəti dəstəkdir.
"Bakı Metropoliteni” QSC iki ildir ki, ölkənin aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.


Tehsil-press.az

Oxşar xəbərlər