Pakistanın ticarət naziri Bakıya gələcək

Pakistanın ticarət naziri Bakıya gələcək Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində, Marriott mehmanxanasında “Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü, Azərbaycan-Pakistan münasibətləri” mövzusunda konfrans keçirilib.

Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, konfransda Pakistanın ticarət naziri Xürrəm Dastgir Xan, Pakistanın bir sıra siyasi və ictimai xadimləri, COMSATS, Preston, Rifah universitetlərinin rektorları, Quaid-i-Azam Univesitetinin prorektoru, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti, əyalət palatalarının rəhbərləri və tanınmış iş adamları, aparıcı turizm şirkətlərinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və diplomatlar iştirak ediblər.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan konfransda səfirlik tərəfindən Azərbaycan haqqında hazırlanmış “Azərbaycan müstəqilliyinin bərpasının 25 ili ərzində” adlı təqdimat videoslaydlar əsasında səfirliyin hərbi attaşesi Mehman Novruzovun çıxışı ilə iştirakçılara təqdim edilib. Azərbaycan dövlətçiliyinin tarixi, önəmli hadisələri, keçdiyi çətin və şərəfli müstəqillik yolu, Azərbaycanın iqtisadi və turizm potensialı, hərbi nailiyyətləri, zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər Azərbaycan həqiqətlərinin yer aldığı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfransda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ümummill lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışıb, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik edtiyi dövrlərdə və ondan sonrakı illərdə Azərbaycanın əldə etdiyi uğurlar, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Səfir Azərbaycanın cəlbedici tarixi və turizm məkanlarına, istirahət obyektlərinə malik olduğunu qeyd edib, eyni zamanda Pakistanla qarşılıqlı iqtisadi əməkdaşlığın artırılması yönündə görülən işləri də vurğulayıb.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətindən və təxribatlarından, Azərbaycan ərazilərini işğal etməsindən məlumat verən səfir Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə, Azərbaycanın yanında olduğuna görə təşəkkür edib, eyni zamanda Azərbaycanın da Pakistanı tam dəstəklədiyini, Kəşmir məsələsinin BMT-nin qəbul edilmiş qətnamələri əsasında tezliklə həllini istədiyini qeyd edib. O, Azərbaycan-Pakistan münasibətlərinin möhkəm təməllər üzərində inşa edildiyini, iki ölkənin xalqları arasında yaxın bağlılıqların olduğunu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial-humanitar layihələrin Azərbaycan-Pakistan dostluğunun bir təzahürü olduğunu diqqətə çatdırıb.
Preston Universitetinin rektoru Abdul Basit nitqində qədim mədəniyyətə malik Azərbaycanın daşıyıcısı olduğu türk və müsəlman mənsubiyyətinin, tarixən türklər tərəfindən idarə olunan Pakistanla Azərbaycanı bir-birinə yaxınlaşdırdığını, müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanın bir çox sahədə tərəqqi əldə etdiyini, Bakıda səfərdə olarkən bunun bilavasitə şahidi olduğunu qeyd edib. Rektor, mühəndislik, texnologiya və digər sahələrdə azərbaycanlı tələbələrin Pakistan universitetlərində təhsil almasının faydalı olacağını ifadə edib, rəhbərlik etdiyi universitetdə 10 azərbaycanlı tələbə üçün pulsuz təhsil imkanı yaradıldığını elan edib.
Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibəti ilə Pakistan Baş nazirinin təbriklərini çatdıran Pakistanın ticarət naziri Xürrəm Dastgir Khan çıxışında Azərbaycanla Pakistanın siyasi əlaqələrinin yüksək səviyyəsinə, xalqlar arasında mövcud olan mədəni, tarixi, mənəvi yaxınlığa nəzər saldıqda, iqtisadi münasibətlərin böyük potensialı olduğunu, hər iki tərəfin birgə səyi ilə ticarətin, investisiyanın qoyulmasının daha da asanlaşdırılması və daha da artırılması yönündə işlərin görülməsinin zəruriliyini vurğulayıb.
Nazir, Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Nəvaz Şərifin Davosda görüşündə iştirak etməkdən, Azərbaycan Prezidentinin regional iqtisadi inkişafa dair fikirlərindən təsirləndiyini qeyd edib, ticarət və investisiyanın artırılması üçün hər iki tərəfin təşəbbüslərinə diqqətlə baxılmasının vacib olduğunu deyib.
Nazir bildirib ki, onun dekabr ayının əvvəlində Azərbaycana nəzərdə tutulan səfərində bir tərəfdən dövlətlərarası münasibətlərin, digər təfədən isə biznes dairələrinin bir-biri ilə mütəşəkkil əlaqələrinin inkişafı qarşıya məqsəd qoyulub. Heydər Əliyev Fondunun Pakistanda 2005-ci ildən başlayaraq davam edən humanitar layihələrinin ölkələrin qardaşlığının göstəricisi olduğunu vurğulayan nazir Fondun Pakistanda həyata keçirdiyi işlərə görə təşəkkür edib, Pakistanın eyni zamanda Azərbaycanın strateji iqtisadi tərəfdaşı da olmaq istədiyini nəzərə çatdırıb. O, Azərbaycan-Pakistan dostluğunun yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.
Rəsmi hissənin başa çatmasından sonra şam yeməyi ilə davam edən konfransda Azərbaycana, Azərbaycanın sosial-iqtisadi inkişafına, turizmi və mədəniyyətinə dair müxtəlif videoçarxlar nümayiş olunub, iştirakçılara Azərbaycanla bağlı əyani materiallar təqdim olunub. Konfrans yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Oxşar xəbərlər