Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan II-V kurs tələbələrinin qış semestri üzrə növbəti yazılı imtahanlarını Ali Məktəbin tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin (HVU) professor-müəllim heyəti keçiriblər. İmtahanlar Böyük Britaniya ilə vaxt fərqini nəzərə almaqla HVU-dakı imtahanlarla paralel olaraq keçirilir ki, bu da hər iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarını bir-birinə ötürmək imkanını istisna edir.
BANM-də səfərdə olan HVU-nun nümayəndə heyətinin tərkibinə Texniki və Təbiət Elmləri İnstitutunun beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Kevin Makkalax, İnstitutun professoru Grem Vayt, o cümlədən mühəndislik proqramları üzrə direktor müavini Aleksandr Bell, Neft-qaz İnstitutunun baş müəllimi Cillian Pikap, Tələbələrə dəstək şöbəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dunkan və bu şöbənin əməkdaşı İren Foks daxil idilər.
İmtahanları uğurla vermiş BANM-in tələbələri Ali Məktəblə HVU arasında mövcud olan müqavilə çərçivəsində ikili diplom ala biləcəklər. Sözügedən müqavilə çərçivəsində HVU-nun müəllimləri BANM-də imtahanların təşkili və keçirilməsinə nəzarət etmək məqsədi ilə müntəzəm olaraq Bakıya səfər edir, tələbələrin yazılı cavabları qiymətləndirilmək üçün Böyük Britaniyaya - HVU-ya göndərilir. İmtahan prosesinin bu şəkildə təşkili işlərin qiymətləndirilməsinin nəticələrinin şəffaflığına və obyektivliyinə təminat verir.
Qeyd etmək lazımdır ki, BANM Azərbaycanda tələbələrin biliklərinin xarici universitetin ekspertləri tərəfindən qiymətləndirildiyi yeganə ali təhsil müəssisəsi olaraq qalır.

BANM-nin Mətbuat Xidməti


Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər
Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

Oxşar xəbərlər