İrina Bokova: Prezident İlham Əliyev Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi və inkişafına şəxsən sadiqdir

İrina Bokova: Prezident İlham Əliyev Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi və inkişafına şəxsən sadiqdir Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir, belə ki, Prezident İlham Əliyev ölkədə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi və inkişafına şəxsən sadiqdir. Bunu tehsil-press.az-a eksklüziv müsahibəsində YUNESKO-nun baş direktoru İrina Bokova deyib.

İ.Bokova qeyd edib ki, YUNESKO-nun Azərbaycanla çox gözəl əlaqələri var: “Mən son illər ərzində birgə reallaşdırılmış çoxsaylı layihə və tədbirlərlə bağlı məmnunluğumu ifadə etməyə bilmərəm. YUNESKO-nun adından və öz adımdan Prezident İlham Əliyevin Azərbaycan və YUNESKO arasında münasibətlərin möhkəmlənməsində mühüm rolunu vurğulamaq istərdim. Bununla əlaqədar Azərbaycan dövlət başçısının təşkilatımızın mandatına uyğun olan layihə və tədbirlərə bağlılığını qeyd etmək istərdim”.
Qurumun baş direktorunun sözlərinə görə, YUNESKO-da əmindirlər ki, təhsil bütün həyatı boyunca hər bir insanın hüququdur və təhsil almaq onun keyfiyyəti ilə müşayiət olunmalıdır. Bununla əlaqədar olaraq İ.Bokova Azərbaycanda ibtidai və ali təhsil sahələrində aparılmış islahatların vacibliyini vurğulayıb:
“Mən bilirəm ki, Azərbaycanda təhsil sisteminin inkişafı Prezident İlham Əliyevin gündəliyində başlıca prioritetdir və mən onun kiçik yaşlı uşaqlar üçün baza təhsili və böyüklər üçün ali təhsilin keyfiyyətinin təmin olunmasına yönəlmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması üzrə təşəbbüsünü alqışlayıram”.
YUNESKO-nun baş direktoru qeyd edib ki, müasir, qarşılıqlı əlaqəli dünyada mədəniyyətin cəmiyyətin transformasiyasına təsiri heç vaxt bugünkü kimi aydın olmayıb. Onun müxtəlif təzahürləri – tarixi abidə və muzeylərdən tutmuş müasir incəsənətin ənənəvi praktika və formalarınadək – insanların gündəlik həyatını müxtəlif üsullarla zənginləşdirir.
Bununla əlaqədar olaraq İ.Bokova “Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında rabitə və yüksək texnologiyalar sahəsində də mühüm işlər görülüb: “Bildiyiniz kimi, təşkilatımız elmi informasiyaya, açıq təhsil resurslarına, azad və açıq proqram təminatına, açıq tədris platformalarına, eləcə də açıq və distant təhsilə sərbəst çıxışın təmin olunmasına köməyini davam etdirir. Mən bu yaxınlarda Azərbaycanda “bulud texnologiyaları”na əsaslanan və müasir beynəlxalq standartlara tam cavab verən DATA-mərkəzin yaradılmasını alqışlayıram. Regionda məlumatların emalı üzrə ilk mərkəz olan və artıq fəaliyyət göstərən bu mərkəz Azərbaycanda İKT sektorunun inkişafını və ölkənin informasiya sisteminin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirir, müxtəlif sahələrdə, eləcə də dövlət və özəl sektorlarda innovativ fəaliyyət üçün şərait yaradır”.
İ.Bokova, həmçinin Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təmin olunmasına töhfəsinə toxunub: “Bizim getdikcə daha da müxtəlifləşən cəmiyyətlərimizdə plüralistik, hərtərəfli və dinamik mədəni eyniliyə malik insanların və qrupların ahəngdar qarşılıqlı fəaliyyətini, eləcə də onların birgə yaşamağa hazır olmasını təmin etmək çox vacibdir. Bütün vətəndaşların iştirakını təmin etməyə yönəlmiş siyasət sosial həmrəyliyin, vətəndaş cəmiyyətinin və sülhün həyat qabiliyyətinin təminatıdır. Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir, belə ki, Prezident İlham Əliyev ölkədə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsi və inkişafına şəxsən sadiqdir. Bununla bağlı mən bir daha Bakı prosesi kimi də tanınan Mədəniyyətlərarası Dialoq Forumunun önəmini qəbul edirəm”.
Onun sözlərinə görə, yarandığı 2008-ci ildən bəri Bakı forumu qloballaşan və getdikcə daha da müxtəlifləşən cəmiyyətlərdə əsas müasir çağırışlar üzrə qlobal müzakirə və fikir mübadiləsi meydançasına çevrilib: “Təşkilatımız bu forumu Azərbaycan hökuməti, BMT Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - İSESKO ilə birgə keçirməkdən məmnundur”.
Baş direktor icra olunmasında YUNESKO-nun BMT sistemi çərçivəsində aparıcı agentlik olduğu Mədəniyyətlərin Yaxınlaşması üzrə Beynəlxalq Onilliyin (2013-2022-ci illər) məqsədlərinə sadiqlik nümayiş etdirən Bakı forumunun fəaliyyətini yüksək qiymətləndirib: “Mən 2015-ci il mayın 18-19-da Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək şərəfinə nail olmuşam. Bu forum mədəni müxtəlifliyə, insan haqları və qarşılıqlı anlaşmaya milli, regional və qlobal səviyyələrdə ehtiram göstərilməsinə kömək edən mühitin yaradılması məqsədilə müxtəlif mədəniyyətə, dinə və əqidəyə malik insanlar arasında dialoqun fəallaşması və möhkəmlənməsinin zəruriliyinin təsdiq olunmasına yönəlmişdi. Mən bilirəm ki, Prezident İlham Əliyev Bakı prosesinin əsaslandığı prioritetləri bölüşür və irəli sürür. 2017-ci ilin mayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna görə bir daha minnətdarlığımı bildirmək istəyirəm”.
YUNESKO-nun baş direktoru Prezident İlham Əliyevin ölkənin gənc nəslinin gələcəyinə, xalqın intellektual, innovativ və idman sahəsində inkişafına töhfəsini də qeyd edib.
İ.Bokova deyib ki, YUNESKO BMT agentliyidir və təşkilata hər bir insanın hərtərəfli inkişafının dəstəklənməsi üçün razılaşdırılmış və birgə fəaliyyətlər əsasında idman və bədən tərbiyəsinin inkişafına kömək etmək tapşırılıb.
Onun sözlərinə görə, YUNESKO-da əmindirlər ki, idman sülhə yardım üçün qəbul edilmiş bir vasitədir, çünki onun üçün coğrafi sərhədlər və sosial status vacib deyil. İdman, həmçinin sosial inteqrasiya və iqtisadi inkişafın aparıcı qüvvəsi kimi mühüm rol oynayır.
YUNESKO-nun baş direktoru Prezident İlham Əliyevin sosial əlaqələrin möhkəmlənməsində, sülhün, həmrəyliyin, dözümlülüyün və ədalətin təbliğ olunmasında güclü alət olan idmanın dəstəklənməsinə sadiqliyini yüksək qiymətləndirdiyini qeyd edib. O deyib ki, Azərbaycan Prezidentinin idman və bədən tərbiyəsinin milli strategiyanın və ölkənin strateji inkişafının ayrılmaz hissəsi olmasının təmin edilməsi üçün səyləri yüksək qiymətə layiqdir:
“İcazə verin, Prezident İlham Əliyevi ölkədə idman dünyasının iki iri tədbirinin – 2015-ci ildə Birinci Avropa Oyunları, eləcə də 2017-ci ilin mayında Bakıda baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə nail olduğu üçün təbrik edim. Fürsətdən istifadə edərək, Azərbaycanın dövlət başçısını bu yaxınlarda Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edirəm”.
İ.Bokova qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirir:
“Mən YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya qız və qadınların təhsil alması, maddi və qeyri-maddi mədəni irsin qorunması və təbliği, Azərbaycanda iri idman tədbirlərinin dəstəklənməsi, Azərbaycanda və onun hüdudlarından kənarda iri mədəniyyət tədbirlərinin təşkili kimi müxtəlif sahələrdə çoxsaylı layihə və tədbirlərə dəstək verdiyinə görə minnətdarlığımı bildirirəm. Mən, həmçinin Mehriban Əliyevaya YUNESKO-nun mənzil-qərargahında təşkil olunan müxtəlif tədbirləri çox fəal şəkildə dəstəklədiyi üçün xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son olaraq, mən Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edir və firavanlıq arzulayıram”.

Tehsil-press.az

Oxşar xəbərlər