Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.
Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Siz ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafına, sənaye, infrastruktur və energetika sahələrində iri müştərək layihələrin həyata keçirilməsinə daim diqqət yetirirsiniz. Əminəm ki, əməli qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionlararası kooperasiyanın və işgüzar əlaqələrin genişlənməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tamamilə uyğundur.
Sizinlə həmişə konstruktiv, etimada əsaslanan şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

X X X

Ukraynanın Prezidenti Petro Poroşenkodan:
“Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Müasir Azərbaycanın gələcək uğurlu tərəqqisinə, cəmiyyətin sürətli inkişafına və ölkənin nüfuzunun beynəlxalq arenada möhkəmlənməsinə yönəlmiş ali dövləti fəaliyyətiniz Ukraynada və dünyada geniş rəğbət qazanmışdır.

İnanıram ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də etimad və qarşılıqlı anlaşma prinsipləri əsasında səmərəli şəkildə inkişaf edəcək, birgə səylərimiz isə Ukrayna və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına təsir göstərəcək.
Əminəm ki, 2017-ci ildə Ukraynaya Sizin gözlənilən səfəriniz zamanı səmimi dialoqun davamı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və səmərəli tərəfdaşlığa yeni impuls verəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və dost Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə bol enerji və yeni nailiyyətlər arzu edirəm”.

X X X

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:
“Sizə ən səmimi və dərin ehtiramımı çatdırıram. İcazə verin, Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim.
Biz Sizi görkəmli dövlət xadimi, bütün yaradıcı enerjisini doğma Azərbaycanın tərəqqisinə sərf edən, zəngin həyat təcrübəsinə malik bir insan kimi tanıyırıq. Siz həyatda bütün vəziyyətlərdə, həmişə Azərbaycan dövlətinin mənafeyinə xidmət işinə, öz vəzifənizə sədaqət nümunəsi olmusunuz.
İcazə verin, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın möhkəmlənməsinə və inkişafına göstərdiyiniz hərtərəfli köməyə görə Sizə ürəkdən təşəkkürümü bildirim. Səmimi qəlbdən ümid edirəm ki, bizim bölgələr arasında yaranmış səmərəli, qarşılıqlı faydalı əlaqələr gələcəkdə uğurla inkişaf edəcək və möhkəmlənəcək.
Əlamətdar yubileyiniz münasibətilə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, uzun illər boyu tükənməz enerji, nəzərdə tutulan bütün planlarınızın reallaşmasını və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

X X X

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyevdən:

“Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə MDB Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.
İcazə verin, Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan Respublikasının daha da inkişafı və onun vətəndaşlarının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayım”.

X X X

Misir-Azərbaycan Dostluq Qrupunun sədri, millət vəkili, sabiq xarici işlər naziri Səfir Məhəmməd Əl-Orabidən:
“Möhtərəm cənab Prezident. Misir-Azərbaycan Dostluq Qrupunun üzvləri Zati-alinizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərini çatdırır, Azərbaycan xalqı, ümumiyyətlə, İslam dünyası üçün gördüyünüz böyük işlərə görə minnətdarlıq edir, möhkəm cansağlığı və uzun ömür arzulayırlar. Bu gün tarix atanız, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin prinsipial şəkildə davam etdirdiyiniz uğurlu siyasət kursuna şahidlik edir.
Bu xoş fürsətdən istifadə edərək, Dostluq Qrupu Misir və Azərbaycan xalqlarını birləşdirən müştərək dəyərləri qoruyacağını vurğulayır və qarşılıqlı əməkdaşlıq, hüquq və ədalət üzərində sülhün bərqərar olması, dostluq və qardaşlıq çərçivəsində hər iki dövlətin inkişafı naminə səylərini davam etdirəcəyini bildirir.
Cənab Prezident, İslam dövlətlərini bir araya gətirmək, onların arasındakı ixtilafları azaltmaq, müharibələrin alovlandığı indiki vaxtda Azərbaycan xalqının birliyini qoruyub saxlamaq uzaqgörən siyasətinizin açıq-aydın sübutu və dünya siyasətində Sizin rolunuzun göstəricisidir.
Cənab Prezident, bütün qəlbimizlə Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə yeni-yeni uğurlar diləyirik. Allah Sizi qorusun!
Sizə və qardaş Azərbaycan xalqına xeyir-bərəkət arzulayırıq”.

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqadan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldindən və İdarə Heyətinin üzvlərindən:
“Möhtərəm cənab Prezident. Əlamətdar yubileyiniz münasibətilə çoxsaylı dostlarınızın və Sizi təbrik edənlərin hamısının arzularına qoşulmaqdan məmnunluq duyuruq. Qoy qarşıdan gələn illər Sizə cansağlığı, xoşbəxtlik və uğur gətirsin.
Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə möhkəm dəstəyinizə və Mərkəzin İdarə Heyətinin üzvlərinə bəslədiyiniz səmimi münasibətə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha böyük uğurlar qazanacaq”.

X X X

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan:
Hörmətli İlham Heydər oğlu. Əlamətdar yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Sizi görkəmli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, mədəni və ictimai həyatda, dünya arenasında mövqelərinin möhkəmlənməsində sanballı uğurlar qazanıb.
Rusiya və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsinə, dövlətlərarası münasibətlərin və bu münasibətlərin ayrılmaz tərkib hissəsi kimi ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafına Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Əminəm ki, Sizin fəal köməyiniz sayəsində Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri bundan sonra da regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinin, davamlı inkişafın, vətəndaşların həyat səviyyəsinin keyfiyyətini yüksəltməyin ən mühüm amillərindən biri olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Sizə yüksək ehtiramıma əmin olmağınızı xahiş edirəm”.

X X X

LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərovdan:
“Hörmətli İlham Heydər oğlu! 55 illik yubileyiniz münasibətilə ürəkdən gələn, ən səmimi təbriklərimi qəbul edin.
Bu əlamətdar gündə Sizə - enerjili, istedadlı, təcrübəli liderə, uzaqgörən və müdrik dövlət rəhbərinə bir daha səmimi ehtiramımı və minnətdarlığımı bildirmək istərdim.
Sizin rəhbərliyinizlə Azərbaycan regionda və bütün dünyada sabitliyin və tərəqqinin mühüm amilinə çevrilib. Ölkəniz sosial-iqtisadi potensialın inkişaf etdirilməsi və dərinləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılması və xarici ölkələrlə geniş ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində sanballı uğurlar qazanıb.
LUKOYL ilə Azərbaycanı çoxillik və mehriban əməkdaşlıq münasibətləri bağlayır.
Hörmətli İlham Heydər oğlu, ölkənizin ərazisində bizim şirkətin fəaliyyətini şəxsən dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, biz ölkələrimizin xalqlarının mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətin daha da genişlənməsi və dərinləşməsi üçün bundan sonra da hər cür səy göstərəcəyik.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə məsul işinizdə yeni, parlaq uğurlar arzulayıram”.

X X X

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan:
“Hörmətli İlham Heydər oğlu. Əlamətdar 55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə ünvanlamaqdan məmnunluq hissi duyuram.
Yorulmaz əməyiniz və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olub və beynəlxalq məkanda haqlı olaraq layiqli mövqe tutur. Biz dostlarımızın bu nailiyyətlərinə səmimi qəlbdən sevinirik.

Sizin Tacikistan-Azərbaycan münasibətlərinin inkişafına töhfəniz də sanballıdır. Tacikistan Azərbaycan ilə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Biz qarşılıqlı faydalı əməkdaşlığımızı bütün istiqamətlərdə ardıcıl davam etdirməyə hazırıq. Əminəm ki, ölkələrimizin qarşılıqlı əlaqələri birgə səylərimizlə daha da möhkəmlənəcək və maraqların üst-üstə düşdüyü yeni sahələri əhatə edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycanın tərəqqisi naminə bütün təşəbbüslərinizdə daha böyük uğurlar arzu edirəm”.

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən:
“Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyinin davamlı olaraq möhkəmlənməsi və Azərbaycan xalqının firavanlığı üçün Sizin sanballı töhfənizi xüsusi qeyd etmək istərdim. İcazə verin, əmin olduğumu bildirim ki, Sizin nümayiş etdirdiyiniz fədakarlıq bundan sonra da vətəndaşların rifahının yüksəlməsinə, ölkənin xarici siyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.
Ümidvaram ki, ənənəvi Moldova-Azərbaycan dostluq münasibətləri bundan sonra da siyasi dialoqun inkişafına, faydalı əməkdaşlığın dərinləşməsinə və beynəlxalq məkanda qarşılıqlı dəstəyin qorunub saxlanmasına töhfə verəcək.
Cənab Prezident, xahiş edirəm səmimi təbriklərimi, möhkəm cansağlığı, uğurlar, habelə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzularımı, Azərbaycan xalqına sülh və firavanlıq diləklərimi və böyük ehtiramımı qəbul edin”.

X X X

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovdan:
"Çox hörmətli İlham Heydər oğlu. Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafda sanballı nəticələr əldə edib. Bu gün Azərbaycan dünya məkanında layiq olduğu yüksək nüfuza malikdir.
Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında 2016-cı ilin martında ŞƏT-in iqamətgahında imzalanmış Memorandum regionumuzda sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsi işinə dəyərli töhfədir. Bu Memorandum ŞƏT ilə Azərbaycan arasında mühüm regional və beynəlxalq problemlərə dair səmərəli əməkdaşlığın inkişafına geniş üfüqlər açıb. ŞƏT-in fəaliyyətinə daim diqqət və maraq göstərdiyinizə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.
Möhtərəm İlham Heydər oğlu, icazə verin Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, firavanlıq və rifah arzu edim".

Tehsil-press.az

Oxşar xəbərlər