Beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib

Beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib Avqustun 6-da “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin, yay universitetinə qatılan tələbələr, professor-müəllim heyəti və KİV nümayəndələri iştirak edib.
Ceyhun Bayramov bildirib ki, “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən Beynəlxalq yay universitetinə iyulun 25-dən start verilib. Beynəlxalq yay universitetində müxtəlif ölkələrin nüfuzlu alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılıb.
Nazir müavini qeyd edib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir.
“Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayıb.
Daha sonra çıxış edən tələbələr Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını söyləyib, iki həftə müddətində sabitlik və qarşılıqlı anlaşmaya xidmət edən təlimlərin keçirilməsini cəmiyyətin inkişafına təkan verən amil kimi qiymətləndiriblər.
Tədbirdə Beynəlxalq yay universitetindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçirilən Beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edib. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib.
Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunub.



Tehsil-press.az

Oxşar xəbərlər