“Qafqaz” Universiteti tələbələrinin nəzərinə

“Qafqaz” Universiteti tələbələrinin nəzərinə “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.
Nazirliyin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayaraq nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaq.
Tədris prosesinin bütövlüyünün qorunması məqsədilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq.
Tələbələrdən universitetdə fəaliyyət göstərən işçi qrupla əlaqə saxlanılması xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər