Media nümayəndələri Dövlət Pedaqoji Kollecində imtahanların gedişini izləyiblər

Media nümayəndələri Dövlət Pedaqoji Kollecində imtahanların gedişini izləyiblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə təhsil ekspertlərinin, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin, qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub.
Mediaturdan əvvəl ADPK-nın direktoru Qulu Novruzov nümayəndələrlə görüşüb.
Kollecdəki tədris prosesi haqqında məlumat verən Q.Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmin tətbiq edildiyini bildirib. Qeyd olunub ki, məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir.
Sonra KİV nümayəndələri, televiziya əməkdaşları ADPK-da təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara, cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər.
Qeyd edək ki, ADPK-da qiymətləndirmənin dəqiq, obyektiv aparılması və cavabların hərtərəfli dəyərləndirilməsi üçün yeni qiymətləndirmə meyarları hazırlanıb. Tələbənin bilik və bacarıqlarını dəqiq ölçmək məqsədilə qiymətləndirmə üzrə yeni meyar cədvəli hazırlanıb və hər bal üçün onlarla meyar tərtib olunub. Meyarları hazırlamaq və tətbiq etmək səriştəsini mənimsətmək məqsədilə cavabların yoxlanması prosesini aparan müəllimlərə noyabr-dekabr aylarında xüsusi təlimlər keçirilib.
Payız semestri imtahan sessiyasının təşkili ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək üçün kollec üzrə əmr imzalanıb. Həmin əmrə əsasən kollecin imtahan qərargahı yaradılıb. Sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması üçün apelyasiya komissiyası təşkil olunub. Obyektivliyi təmin etmək məqsədilə kodlaşma, yoxlama və emal otaqları hazırlanıb. İmtahanlar yazılı keçirilir.
KİV-lərin nümayəndələri və ekspertlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil edildiyini, lazımi şəraitin yaradıldığını bildiriblər.

ADPK-nın Mətbuat Xidməti


Media nümayəndələri Dövlət Pedaqoji Kollecində imtahanların gedişini izləyiblərMedia nümayəndələri Dövlət Pedaqoji Kollecində imtahanların gedişini izləyiblər

Oxşar xəbərlər