Belçikada Qarabağ atı abidəsinin açılışı oldu

Belçikada Qarabağ atı abidəsinin açılışı oldu Belçikanın Ham şəhərində Qarabağ atı abidəsinin açılışı keçirilib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən təhsil-press.az-a verilən məlumata görə, Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib və şəhərin mərkəzi meydanında ucaldılıb.
Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. Eyni zamanda öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirib.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd edib. F. İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləyib.
Açılış tədbiri çərçivəsində Azərbaycanla bağlı film nümayiş etdirilmiş, eləcə də Ham şəhəri sakinləri üçün Novruz şənliyi də təşkil edilib.

Təhsil-press.az

Oxşar xəbərlər