Moskva vilayətində tapılan virus Rusiyadan məhsul idxalına qadağanın qoyulmasına səbəb ola bilərmi?

Moskva vilayətində tapılan virus Rusiyadan məhsul idxalına qadağanın qoyulmasına səbəb ola bilərmi? Rusiyanın Moskva vilayətindən Azərbaycana quş əti və quş əti məhsullarının ixracı qadağan edildiyindən burada yenidən yüksək patogenli quş qripi (H5) xəstəliyinin aşkarlanmasının ölkəmiz üçün heç bir narahatlığı yoxdur.
Bunu Tehsil-press.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.
Y.Xanvəlinin sözlərinə görə, artıq bu ilin martında quş qripinin aşkarlanması ilə əlaqədar Moskva ətrafı ərazilərdən quş əti və quş əti məhsullarının idxalına qadağa qoyulub. Y.Xanvəli hazırda həmin qadağanın qüvvədə olduğunu söyləyib.
O xatırladıb ki, quş qripinin aşkarlanması ilə əlaqədar ötən ilin dekabrından Rusiyanın Kalmıkiya Respublikasından, Həştərxan vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulub.
Y.Xanvəli əlavə edib ki, hazırda Azərbaycana quş əti və quş əti məhsulları epizootik vəziyyətin sağlam olduğu Türkiyə, Ukrayna, Braziliya və ABŞ-dan gətirilir.
Qeyd edək ki, Rusiya KİV-lərinin məlumatına görə, Rusiyanın Moskva vilayətində quş qripinin mənbəyi aşkar edilib. Vilayətin Uşakovo kəndində ölən quşların birində qrip virusunun əlamətləri tapılıb. Bununla əlaqədar olaraq bölgədə dezinfeksiya işləri aparılıb. Virusa yoluxduğu ehtimal olunan 15 toyuq və 10 ördək məhv edilib. 500-ə yaxın yumurta analizlər üçün laboratoriyaya göndərilib.

Tehsil-press.az

Oxşar xəbərlər