Özbəkistan ilə Türkiyə arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Özbəkistan ilə Türkiyə arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib Özbəkistan prezidenti Şavkat Mirziyayev bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Görüşdə vurğulanıb ki, 2016-cı il noyabrın 17-18-də Səmərqənddə yüksək səviyyədə keçirilən ikitərəfli danışıqlarda əldə edilən razılaşmaya əsasən Özbəkistan-Türkiyə münasibətləri dinamik inkişaf edir.
Danışıqlar zamanı ölkələr arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, investisiya sahəsində əməkdaşlıq, Türkiyənin aparıcı şirkətlərinin iştirakı ilə Özbəkistanın turizm infrastrukturlarının inkişaf etdirilməsi, toxuculuq, dəri istehsalı, kimya, əczaçılıq, sənaye və tikinti materialları, kənd təsərrüfatı məhsulları və digər sahələrində əlaqələrin yaradılması və inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Səmərqənd vilayətində “Urqut” azad iqtisadi zonasının yaradılması məsələsi də diqqət mərkəzində olub.
Səfər çərçivəsində Mövlud Çavuşoğlu Özbəkistan parlamenti Senatı sədrinin müavini Sadık Safoyev və bu ölkənin xarici işlər naziri Əbdüləziz Kamilovla da görüşüb.
Sonra Əbdüləziz Kamilov və Mövlud Çavuşoğlu səfərin yekunları ilə bağlı brifinq keçiriblər.

Təhsil-press.az

Oxşar xəbərlər