Azərbaycanda hemodializ olunan 6 azyaşlı xəstə var

Azərbaycanda hemodializ olunan 6 azyaşlı xəstə var Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var. Hazırda hemodializ olunan yaşı 15-dək olan 6 xəstə var.
Bu barədə Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransında məlumat verilib.
Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Bunlardan 1329 nəfər Bakı şəhərində, 1983 nəfər regionlardadır.
Xəstələr Səhiyyə Nazirliyi tərəfindən 71 adda dərman və tibbi ləvazimatlarla tam təmin olunurlar. Hazırda “Xroniki Böyrək Çatışmazlığı” proqramı çərçivəsində böyrək köçürülmüş 719 nəfər xəstə var. 2017-ci ildə 54 nəfərə böyrək köçürmə əməliyyatı aparılıb.
2017-ci ildə Zərdab və Masallı rayonlarında yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq, bu ilin iyul ayının əvvəlində 3 saylı Şəhər Xəstəxanasında əlavə 12 aparat istifadəyə verilib.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.
Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrək köçürmə aiddir.
Hemodializlə müalicə qanın süni böyrək aparatı ilə orqanizmdən kənarda təmizlənməsidir. Qan dializator adlanan xüsusi filtrdən keçməklə orqanizmdə toplanmış azot qalıqlarından, artıq elektrolitlərdən, izafi mayedən təmizlənməklə yenidən xəstənin bədəninə qayıdır. Bu prosedur 3-4 saat davam edir. Müalicə həftədə 3 dəfə olmaqla xəstənin yeganə müalicə üsulu olduğu üçün bütün həyatı boyu davam edir.

Təhsil-press.az

Oxşar xəbərlər