Almaniya ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir

Almaniya ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir Mayın 30-31-də Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru xanım Veronika Keller-Engels başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub.
İRZ təmsilçiləri əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.
Səfər zamanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İRZ-in nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Almaniya Federal Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən və bu ay 25 illiyini qeyd edən Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunaraq, 2009-cu ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın implementasiyası çərçivəsində İRZ-in fəal iştirakı və həyata keçirilən tədbirlərdə dəstəyi qeyd edilib, hüquqi sahədə aparılan təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib, dövlətimizin başçısının cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncam ilə bu islahatların yeni mərhələyə keçdiyini qeyd edib.
Respublikamıza ilk dəfə səfərindən məmnunluğunu ifadə edən qonaq İRZ-in Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığını qeyd edərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu və bunun üçün yaxşı perspektivlərin olduğunu bildirib. Xanım V.Keller-Engels Almaniya federal ədliyyə nazirinin salamlarını çatdırıb.
Nümayəndə heyəti ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatları, o cümlədən infrastrukturun müasirləşdirilməsini, elektron məhkəmənin tətbiqini təqdir edərək, səfər zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binası ilə tanışlıqdan heyranlığını ifadə edib.
Qonaqlar, həmçinin Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşdə probasiya və mediasiya institutlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılması, hakimlərin və hakimliyə namizədlərin tədrisi, məhkəmə qərarlarının icrası və digər sahələr üzrə əməkdaşlığa dair məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.
Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olublar.
Səfər çərçivəsində İRZ-in nümayəndə heyəti, həmçinin Ali Məhkəməyə baş çəkərək məhkəmənin əzəmətli binası və fəaliyyəti ilə tanış olub. Eyni zamanda, qonaqlar ayrı-ayrı ədliyyə qurumlarında olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Təhsil-press.az

Oxşar xəbərlər