“Azərsu”ya 15 milyon manat ayrıldı - SƏRƏNCAM

“Azərsu”ya 15 milyon manat ayrıldı - SƏRƏNCAM Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan regionlarının davamlı inkişafı, əhalinin sağlamlığının qorunması və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasındadır və bu sahədə müntəzəm işlər görülməkdədir. Son illər qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.
İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli suyun fasiləsizliyini təmin etmək, habelə istehlak edilən suyun uçotunu dəqiq aparmaq və itkilərin qarşısını almaq məqsədilə müvafiq suölçən cihazların quraşdırılması başlıca şərtdir.
Sərəncamda deyilir ki, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Tehsil-press.az



Oxşar xəbərlər