Azərbaycan Prezidenti: Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında qurulub

Azərbaycan Prezidenti: Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında qurulub Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında qurulub. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda keçirilən Azərbaycan, İran və Rusiya Prezidentlərinin üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün biz Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafı ilə bağlı Prezident Ruhani və Prezident Putin ilə görüşlər keçirdik: "Bir daha gördük ki, bizim əlaqələrimiz çox uğurla, sürətlə inkişaf edir və əlaqələrimiz yüksək səviyyədədir. Üçtərəfli əməkdaşlıq formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə görüşü ötən ilin avqust ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşü isə onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi vardır. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda, coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar".
Prezident İlham Əliyev bildirib ki, üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var: "Hesab edirəm ki, bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizi birləşdirən bir çox iqtisadi infrastruktur layihələridir ki, Prezident Ruhani bu barədə öz çıxışında söylədi. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə, əlbəttə, diktə edir ki, biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edək. Keçən Zirvə görüşündən ötən dövr ərzində çox önəmli hadisələr baş vermişdir. Cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, ötən il əldə edilmiş razılaşmalar bu gün həyatda öz əksini tapır. Xüsusilə iqtisadi sahədə əməkdaşlığı qeyd etməliyəm. Bu gün də Zirvə görüşü zamanı rəqəmlər səsləndi, bizim Rusiya ilə bu il ticarət dövriyyəmiz 60 faizdən çox artmışdır, İranla 30 faizdən çox artmışdır. Keçən il İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz artmışdır. Bu, ilk növbədə, onu göstərir ki, üç ölkə arasında çox səmimi dostluq münasibətləri var. Təbii ki, iqtisadi sektor, biznes dairələri bunu görür və bundan faydalanır. Eyni zamanda, artan ticarət dövriyyəsi göstərir ki, bizim iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir".
Azərbaycan Prezidenti vuğulayıb ki, keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçmişdir. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən bunu da Zirvə görüşü zamanı söylədim, mətbuat da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır".
Dövlət başçısı qeyd edib ki, neft-qaz sahəsində əməkdaşlığımızın tarixi var: "Bu əməkdaşlıq da təbiidir. Çünki üç ölkə dünya enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verir. Eyni zamanda, neftin qiymətinin sabitləşməsində ölkələrimizin çox böyük rolu olmuşdur. Bu gün biz görürük ki, OPEK və qeyri-OPEK ölkələri bir-biri ilə səmimi əməkdaşlıq edirlər və bu əməkdaşlıq nəticəsində hazırda neftin qiyməti məqbul səviyyəyə qalxıbdır".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan həm İranla, həm Rusiya ilə elektrik xətlərimizi birləşdirmişik və bu da regional əməkdaşlıq üçün çox gözəl zəmin yaradır: "Bir sözlə, bir il ərzində bir çox məsələlər öz həllini tapıb və bu gün əldə edilmiş razılaşmalar və Tehran Bəyannaməsinin icra edilməsi nəticəsində əminəm ki, gələn Zirvə görüşünə qədər biz daha da yaxşı nəticələr haqqında ictimaiyyəti məlumatlandıracağıq. Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında qurulubdur və bu əməkdaşlıq xalqlarımız, ölkələrimiz üçün çox önəmlidir və region üçün də çox böyük əhəmiyyət daşıyır. Bu Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyi üçün Prezident Ruhaniyə bir daha təşəkkürümü bildirirəm. Sağ olun".

Tehsil-press.az


Oxşar xəbərlər