Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub

Azərbaycan və Rusiya prezidentlərinin Soçidə görüşü olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dedi:
- Hörmətli İlham Heydər oğlu. Sizi bu dəfə Soçidə görməyimə çox şadam. İndicə bizim yeni “Sirius” təhsil mərkəzinin uşaqları ilə görüşdüm. Bu layihənin inkişafından çox şad oldum və Sizə böyük məmnuniyyətlə bu barədə danışacağam. Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən də bizim yeni görüşümüzə çox şadam. Biz mütəmadi olaraq görüşürük. Bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.
Ona görə bir daha Sizi görməyə çox şadam. Əminəm ki, bu görüşümüz də dostluq münasibətlərimizin inkişafına yaxşı impuls verəcək.
X X X
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqlədilər. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi. Beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparıldı. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.
X X X
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatdı.

Təhsil-press.az

Oxşar xəbərlər