Əflatun Amaşov: "Mətbuat Şurasının statusunun dəyişdirilməsi elə mahiyyət daşımamalıdır ki, təşkilat dövlət qurumuna çevrilir" - MÜSAHİBƏ

Əflatun Amaşov: Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun Tehsil-press.az-a müsahibəsi
- Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi, bununla bağlı ayrıca qanunun qəbul edilməsi barədə təklifiniz özündə nəyi ehtiva edir?
- Mən sualınıza cavabın daha əsaslandırılmış formada olması üçün bir məqam üzərində dayanmaq istərdim. Yadınızda olar, bir vaxtlar media ilə bağlı çoxsaylı məhkəmə qərarları var idi, kütləvi informasiya vasitələrinə, ayrı-ayrı jurnalistlərə iri məbləğli cərimələr kəsilirdi. Nəyə görə? Səbəblər müxtəlifdir. Əsasən medianın siyasi qütblər arasındakı mübarizədə bir növ, vasitəyə çevrildiyini bildirməliyik. Bu durum ümumən cəmiyyətə də mənfi təsirini göstərirdi. O da yaxşı yadımdadır ki, müxtəlif siyasi düşərgələrə məxsus jurnalistlər eyni məclislərdə iştirak etməyi özlərinə rəva bilmirdilər. Belə hallar çoxdan aradan qalxıb, yeni ənənələr formalaşıb. Bu gün müxtəlif məsələlərə baxış bucağından asılı olmayaraq, Azərbaycan mediası monolit komanda kimi çıxış edir. Bu, ümummilli maraqlar, ölkəmizin imicinin qorunması baxımından son dərəcə vacibdir.
Bugünün Azərbaycan mediası ümumən peşəkardır. Dünyada və ölkədə baş verən hadisə və proseslərə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. Bu isə vacib meyardır. Kimsə bu sahəni başdan-ayağa qara rəngdə görürsə, bu onun baxışı yox, çox ciddi problemidir. Təbii, biz mediamızı daha da güclü görmək istəyirik. Nöqsanları və çatışmazlıqları da bunu əldə bayraq edənlərdən yaxşı görürük. Arzu edirik ki, nəhəng media korporasiyaları ilə rəqabətimiz olsun. Medianın iqtisadi cəhətdən özünü maliyyələşdirən struktur kimi təkmilləşməsini, bazar münasibətlərində layiqli yer tutmasını istəyirik. Azərbaycan Mətbuat Şurası da ötən 15 ildə bu yolda addımladı. Media məkanında baş verən proseslərdə aktiv iştirak etdi. İnkişafa öz töhfəsini verdi. Eyni zamanda, Şuranın yerinə yetirdiyi missiya nəticəsində az əvvəl qeyd etdiyim məhkəmə proseslərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Mətbuat Şurasının tədbirləri sayəsində media peşəkarlığı məsələsinə fərqli baxış yarandı. Dövlət qurumları ilə media arasındakı problemlər aradan qalxdı, hər iki qütbün cəmiyyətin rifahı, ölkənin gələcəyi naminə fəaliyyətində ortaq nöqtələr və hədəflər formalaşdı.
Nəhayət, Mətbuat Şurası ölkə başçısı cənab İlham Əliyevin şəxsində dövlətin media siyasətinə dəstək oldu, KİV sahəsində qanunların qəbulunda, onların təkmilləşməsində pay sahibinə çevrildi. Şura bunu ictimai təşkilat olaraq etdi. Mən bunu demişəm, yenə təkrarlayıram, qurum yarananda onun sədrinin otağı birotaqlı evin mətbəxində yerləşirdi. Halbuki yuxarıda qeyd etdiklərimi nəzərə alsaq ki, MŞ-nin çiyinlərinə götürdüyü yük ağır idi. Bu ağırlıq bizim heç zaman üzərimizdən ata bilməyəcəyimiz, daşımağa bir növ məhkum olduğumuz ağırlıqdır. Bu ağırlıq, eyni zamanda, ictimai əhəmiyyət daşıyır, cəmiyyət üçün faydalı və zəruridir. Biz bu faydalı yolu ağırlıqları aradan qaldırmaq əzmimizi artırmaqla getməyi düşünürük. Mətbuat Şurası haqqında qanunun olmasının, onun hazırkı statusunun dəyişdirilməsinin fəlsəfəsi buna söykənir. Bildiyiniz kimi, Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır, 2003-cı ildə medianın özünütənzimləmə orqanı kimi formalaşıb. Özünütənzimləmənin fəlsəfəsi isə dərindir. Avropa və dünya təcrübəsində bunun müxtəlif formaları var. Azərbaycanda da Şura yaradılanda həmin fəlsəfəyə istinad edildi. Qurum mətbuatın dövlətsizləşdirilməsi xəttinə uyğun şəkildə meydana çıxdı. Yəni Şuranı jurnalistlər yaratdı və strukturunu da formalaşdırdı. Bu, çox gözəl ənənədir. Heç bir halda bu prosedurdan kənar dayanmaq olmaz. Çünki jurnalistika cəmiyyətin demokratik institutudur və ali orqan kimi ölkə jurnalistlərinin qurultayı da jurnalistikanın cəmiyyətə demokratiya mesajıdır. Təklifim ilk olaraq özündə bunu ehtiva edir ki, istənilən fərqli hüquqi statusundan asılı olmayaraq, Şura medianın özünütənzimləmə qurumu, seçkili orqan olaraq qalmalıdır. Burada qərarlar kollegial şəkildə qəbul edilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər