Əliyevdən sahibkarlara şad xəbər - “170 milyon manat vəsait ayrılacaq”

Əliyevdən sahibkarlara şad xəbər - “170 milyon manat vəsait ayrılacaq” “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq. Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir”.
Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan inkişafda olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir:
“Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bir çox böyük iqtisadi imkanları olan ölkələrdən biz öndəyik, baxmayaraq ki, müstəqil ölkə kimi cəmi 26 ildir yaşayırıq. Ona görə, bu aparıcı beynəlxalq qurumlar tərəfindən tərtib edilmiş bu reytinqlər bizim uğurlu siyasətimizi əks etdirir. Ancaq biz, yenə də deyirəm, əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Biz daim və daim inkişaf etməliyik. Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalıyıq”.
İlham Əliyev qeyd edib ki, bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır:
“Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir.
Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir. Bir daha demək istəyirəm ki, biz sahibkarlığın inkişafına kompleks şəkildə yanaşırıq. İnstitusional islahatlar aparılır və aparılacaq, sahibkarlara maliyyə resursları, metodik tövsiyələr verilir, dövlət tərəfindən kənd təsərrüfatı texnikası alınır, subsidiyalar verilir, meliorativ tədbirlərə böyük vəsait xərclənir ki, kənd təsərrüfatı üçün daha yaxşı imkanlar yaradılsın.Yol infrastrukturu, digər infrastruktur, elektrik enerjisi, içməli su, qaz xətləri - görülən bütün bu işlər vətəndaşlara və eyni zamanda, sahibkarlara xidmət göstərir. Ona görə, növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir”.

Tehsil-press.az

Oxşar xəbərlər