Prezident nazirləri topladı - Yenilənib

Prezident nazirləri topladı - Yenilənib Yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
***
Prezident bildirib ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib:
“Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.
Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.
Əminəm ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir.
2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır. Belə də oldu və bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar da təsdiqləyir və qeyd edir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır.
Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir.
Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artıb, qeyri-neft ixracımız isə 24 faiz artıb. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir.
İdxal isə təqribən cəmi 1 faiz artıb və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir.
Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq”.

Tehsil-press.az

Oxşar xəbərlər