763 müəllim müsahibə mərhələsində

763 müəllim müsahibə mərhələsində Nəticələr gələn həftə elan olunacaq
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər dünəndən başlayaraq müsahibələrə cəlb edilib. Bu gün də davam edəcək prosesdə 763 nəfər iştirak edir.
Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Prosesə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlər qatılırlar.
Müsahibənin təşkil olunduğu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda həyəcanlı bir gün başlayıb. Namizədlər əvvəlcə qeydiyyatdan keçir, sonra sənədləri yoxlanılır və nəhayət, müsahibələrin keçirildiyi zala daxil olur. Əksəriyyəti dəvət olunduqları saatda gəlməyib. Biri gecikib, biri tələsib. Ancaq bu, təşkilatçıları narahat etmir. 20 komissiya iş başındadır. Hər komissiyanın tərkibində aparıcı təhsil müəssisələrindən birinin direktoru, bir fənn müəllimi və Təhsil Nazirliyinin nümayəndəsi təmsil olunur. Gecikəni də, tələsəni də gözlətmirlər. Namizədlərə həyəcanlanıb stress keçirməyə imkan vermədən, operativ şəkildə komissiyaların qarşısına ötürürlər. Burada da vəziyyət yaxşı görünür. Hamı gülümsünür. Hətta namizədlə qızğın müzakirəyə dalan komissiya üzvləri belə var. Görünür, namizəd ürəklərincə olub.
Komissiya üzvlərindən ayrılan namizədlər istər-istəməz gəldikləri səmtə yönəlir. Onları doğru istiqamətləndirmək üçün qapıda gözləyən TİPİİ əməkdaşları namizədlərə yolu göstərir. Arada “Mən bu tərəfdən gəlmişdim” deyib göstərilən yolun doğru olduğuna şübhə edənlərə də rast gəlinir. Ancaq gəldiyi yolla gedə bilməyəcəyini, qarşısında yeni yol olduğunu anlayanlar daha çoxdur.
Qeydiyyatdan keçənlərin hər biri məlumatlandırılacaq
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlər bu tədris ili ərzində yeni yaranan, yaxud müsabiqədə tutulmayan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb olunublar.
Ölkə üzrə belə müəllimlərin sayının 2 mindən çox olduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, həmin müəllimlərin işə qəbulu prosesinin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə onların proqram təminatı vasitəsilə elektron qeydiyyatı aparılıb və müraciət edənlərin daimi əsaslarla işə qəbulu məsələsinə baxılması qərara alınıb: “Martın 29-dan aprelin 4-dək elektron qeydiyyat keçirilib. 2800-ə yaxın müəllim qeydiyyatdan keçib. Onlardan cəmi 763 nəfəri müsahibəyə dəvət olunub”.
Müsahibələrin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq. Bu barədə hər bir namizədin şəxsi səhifəsinə məlumat yerləşdiriləcək.
E.Bağırovun sözlərinə görə, elektron qeydiyyatdan keçən, lakin müsahibə mərhələsinə dəvət olunmayan müəllimlərin də şəxsi səhifələrinə müsabiqənin bu mərhələsinə qatıla bilməmələrinin səbəbləri barədə məlumat yerləşdiriləcək. Həmin səbəblər nə ola bilər? E.Bağırovun sözlərinə görə, namizədin keçid balını toplamaması, çalışdığı müəssisələrdə kifayət qədər dərs yükünün olmaması həmin səbəblərdəndir.
10 nəfər müsahibəyə buraxılmadı
Müsahibənin ilk günündə dəvət olunan 450 müəllimdən 10 nəfəri müsahibəyə buraxılmayıb. E.Bağırov bunu belə izah edib: “Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin təhsil sənədlərini sadəcə müsahibə mərhələsində əyani surətdə görə bilirik. Yəni, bu mərhələdə diplomların dövlət nümunəli olub-olmadığını, namizədlərin imtahan verdikləri fənlə ixtisasının uyğunluğunu müəyyənləşdiririk. Ona görə də bəzi namizədlərin qeyri-pedaqoji ixtisaslı olduğu, yaxud ixtisası üzrə deyil, başqa fəndən test imtahanına qatıldığı məhz bu mərhələdə üzə çıxır. Müsahibə mərhələsində hətta dövlət nümunəli olmayan təhsil sənədlərinə də rast gəlinir. Aşkar olunan belə namizədlər müsabiqədən kənarlaşdırılır”.
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsində də müsabiqədən kənarlaşdırılanlar olub: “10 nəfər artıq müsabiqədən kənarlaşdırılıb. Müəyyən edilib ki, ya test mərhələsində öz ixtisası üzrə iştirak etməyib, ya da təhsil sənədi pedaqoji ixtisaslı deyil. Bu da çox vaxt zərurətdən irəli gəlir. Məsələn, musiqi müəllimi çatışmayan rayonlarda təhsil şöbələri, tutaq ki, xalq çalğı alətləri ixtisası üzrə bitirən şəxsi məktəbə musiqi müəllimi kimi dəvət edirlər. Amma bu, o demək deyil ki, biz həmin şəxsi daimi işə götürə bilərik. Başa düşürük, kadr çatışmazlığı var. Zəruri ehtiyac olan müəssisələrdə eyni qrupa daxil olan ixtisaslar üzrə təhsil alan şəxslərin müddətli müqavilə ilə işə dəvət edilmələrinə icazə verilir. Amma belə şəxslərin iş yeri ümumtəhsil məktəbi yox, musiqi məktəbidir”.
Namizədlər həyəcanlı...
Vüsal Babayev Cəlilabad rayonunun Gülməmmədli kənd orta məktəbində 3 ildir ibtidai siniflərdə dərs keçir. Sinfində müasir dərsin bütün qaydalarına əməl etməyə çalışır. Dediyinə görə, buna nail olur da. Müsahibədə isə sadəcə pedaqoji fəaliyyətinə görə, ümumi dünyagörüşündən tutmuş psixoloji durumuna qədər bir çox meyarlar üzrə komissiya üzvlərinin süzgəcindən keçməli oldu. Dediyinə görə, sualların cavabını verib. Amma o, cavabların komissiya üzvlərini nə dərəcədə qane etdiyini gələn həftə nəticələr elan olunanda biləcək.
İradə Məmmədova Bərdə Mollalı kənd orta məktəbində 1 ildir müddətli müqavilə ilə çalışır. Fiziki tərbiyə müəllimidir. Müsahibədəki həyəcanı gözlərindən oxunur. Ancaq özünü itirənə də oxşamır. Komissiya üzvlərinin diqqətini pozitivliyi ilə cəlb edib.
İlhamə Tanrıverdiyeva artıq 4 ildir ki, müəllim olmaq uğrunda mübarizə aparır. Hazırda Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 314 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimidir: “4 ildir ki, imtahan verirəm. Nəhayət, ötən il yaxşı nəticə göstərdim. Amma vakant yerlər şəraitimə uyğun olmadığına görə gedə bilmirdim. 314 nömrəli məktəb yaxınlığımızdadır. Ona görə müvəqqəti çalışdığım bu məktəbdə daimi əsaslarla işləmək istəyirəm. Düşünürəm ki, bu müsahibə də mənim üçün uğursuz nəticələnə bilər. Ancaq nəticədən asılı olmayaraq, mənim müsabiqənin təşkilinə olan münasibətim dəyişməyəcək. Müsahibə mərhələsində də, test mərhələsində olduğu kimi, hər hansı neqativ halla qarşılaşmadım. 4 ildir istəyimə çata bilmirəm. Ancaq bu, mənim öz günahımdır. İstədiyim yer üçün yetərli nəticə göstərə bilmirəm. Odur ki, namizədlərin heç kimə qulaq asmadan, ümidini itirmədən hazırlaşmalarını tövsiyə edirəm. Əmin olsunlar ki, əziyyətləri hədər getməyəcək”.
Musiqi müəllimi Ayşə Zeynalova isə Goranboy rayonunda Sərxan Ocaqverdiyev adına Tatarlı kənd orta məktəbində bu tədris ilinin əvvəlindən dərs deyir: “Azərbaycanın musiqi mədəniyyətinə aid suallar verdilər. Üzeyir Hacıbəylinin yaradıcılığından soruşdular. Bacardığım qədər bütün suallara cavab verdim. Ümid edirəm cavablarım komissiyanı da qane edəcək”.
Komissiya üzvləri razıdır
Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov müsahibəyə dəvət edilən namizədlərin ümumi səviyyəsinin qaneedici olduğunu söyləyib. Onun sözlərinə görə, müəllim olmaq arzusunda olanlar komissiya tərəfindən 5 meyar üzrə qiymətləndirilir. Onların psixoloji durumu, ixtisas bilikləri, ünsiyyət bacarığı komissiya üzvlərinin verdiyi suallar əsasında qiymətləndirilir. Namizədlərin suallara rahat, həyəcansız cavab verməsi, müsahibənin şəffaf keçirilməsi üçün hər şərait yaradılıb: “Müşahidələrimiz göstərir ki, namizədlər hazırlıqlıdırlar. Xüsusən, ixtisasları ilə bağlı suallara daha yaxşı cavablar verirlər. Ucqar rayonlardan, hətta sərhəd bölgələrində yerləşən kənd məktəblərindən müsahibələrə qatılanlar oldu. Nəinki hazırlıqlı, həm də yenilikçi, pozitivliyi ilə seçilən gənclər diqqətimizi çəkdi. Fiziki tərbiyə müəllimlərindən birinin qızların idmana marağını artırmaq üçün məktəbdə həyata keçirdiyi tədbirləri təqdir etdik. Belə təşəbbüskar gənclərin sayı az deyil. Düşünürəm ki, getdikcə daha da artacaq”.

Ruhiyyə DAŞSALAHLI

Oxşar xəbərlər