“Bu, dövlətə xəyanətdən başqa bir şey deyil”

“Bu, dövlətə xəyanətdən başqa bir şey deyil” “Hələ təqribən iki il yarım bundan əvvəl ermənilərin bəzi hakimiyyətə yaxın ekspertləri həm Qarabağla bağlı beynəlxalq təşkilatların təşkil etdiyi görüşlərdə, həm də Ermənistan mediasında hədə-qorxu ilə çıxış etməyə başladılar. Xəbərdarlıq etməyə başladılar ki, Ermənistan preventiv olaraq Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirə bilər, bu da Azərbaycanı iflic vəziyyətinə sala bilər. İddia etdilər ki, əgər bu addım atılsa, Azərbaycan heç bir hərbi əməliyyat keçirmək iqtidarında olmayacaq”.
Bunu Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov musavat.com-a müsahibəsində deyib. E. Namazov bildirib ki, Mingəçevirdə məlum hadisələr baş verəndən sonrakı gün erməni mətbuatında bu haqda məlumatlar çap olunurdu və Ermənistanın ruslardan aldığı raket sistemlərinin şəkillərini də həmin xəbərlərə əlavə edirdilər ki, “bu, Azərbaycanın zəif yeridir, həmişə istifadə edə bilərik”.
“İndi təsəvvür edin, Mingəçevir İstilik Elektrik Stansiyasında bir yanğın baş verdi, bütün ölkə iflic vəziyyətinə düşdü. Prezidentin yanında keçirilən müşavirədə də məlum oldu ki, aylarla, illərlə FHN-in komissiyaları, başqa qurumlar orda vəziyyətin çox təhlükəli olması barədə xəbərdarlıq ediblər. Həmçinin nöqsanlar, zəif yerlər də göstərilib ki, hara təmir olunmalıdır. Ancaq indi bəlli olur ki, həmin xəbərdarlıqlardan da nəticə çıxarılmayıb və vaxtında avadanlıqlar dəyişdirilməyib, təmir işləri isə yarımçılıq aparılıb”.
E. Namazov qeyd edib ki, bu, sadəcə enerji məsələsi deyil, Azərbaycanın milli təhlükəsizliyinə olan birbaşa qəsddir və bununla bağlı cinayət işi qaldırılmalı və çox ciddi araşdırmalar aparılmalıdır: “Mingəçevirdəki qəzadan iki gün sonra yenə də bir yanğın baş verdi. Ondan sonra axşamüstü növbəti bir yanğın oldu. Yəni illərlə həmin stansiyada modernləşdirmə, təmir işləri elə aparılırdı ki, həmin elektrik stansiyasında bir yox, iki yox, bir çox yerlərdə qəza vəziyyəti yaratmışdılar. Bunu təsadüfi saymaq olarmı?
Şəxsən mənim yanaşmam odur ki, bu sahəyə rəhbərlik edən adamlar illərlə orda işlərini düzgün qurmayıblarsa, aldıqları avadanlıqlar yararsız olubsa, təmir işləri yarımçıq həyata keçirilibsə, bu, dövlətə xəyanətdən başqa bir şey deyil”.

Tehsil-press.az

Oxşar xəbərlər