“Bakının su ilə təchizatı 92-93 faizdir” - Komissiya sədri

“Bakının su ilə təchizatı 92-93 faizdir” - Komissiya sədri “Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir”.
Bunu Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı yaradılan Dövlət Komissiyasının sədri Yaqub Eyyubov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.
Y.Eyyubov bildirib: “Mingəçevirdə yerləşən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş vermiş qəza ilə bağlı “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevlə iyulun 3-də səhər saat 8-də Mingəçevir şəhərinə gedərək hadisə yerində birlikdə baxış keçirdik. Baxış zamanı müəyyən olundu ki, iyulun 3-də saat 10:17 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası”nın 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən min kiloqrama qədər yağ ətrafa axıb, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub.
Qeyd olunmalıdır ki, həmin kabellərin uzun illərdir istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. Eyni zamanda, qeyd edilməlidir ki, qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanıb, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olub, stansiyada gərginlik tam itib və respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanıb, stansiyanın avtomatika və idarəetmə sistemi pozulub. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın rayonlarının elektrik enerjisi təminatında fasilə yaranıb”.
Komissiya sədrinin sözlərinə görə, yaranmış vəziyyət ilkin təhlil edildikdən sonra baş vermiş qəza ilə bağlı iyulun 3-də Prezident İlham Əliyevin tapşırığı və Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib:
“İclasda qəzanın səbəbləri, nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər müzakirə olunmuş və bununla əlaqədar müvafiq vəzifələr müəyyən edilib. İclasın sonunda - saat 19:00 radələrində enerji sistemində yenidən açılmalarla bağlı məlumat daxil olub. Yaranmış vəziyyətlə bağlı “Azərenerji” ASC-nin baş dispetçer məntəqəsinə gedərək enerji sisteminin yenidən dayanması səbəblərini araşdırmağa çalışmışıq. Dispetçerlər burada problemin aradan qaldırılması ilə məşğul olub və elektrik enerjisinin verilişi bərpa edildikdən sonra ilk növbədə, xüsusi həyati əhəmiyyətli obyektlərə - xəstəxanalara, metroya, hava limanına, Neft Şirkətinə, “Gəncə Det.Al” alüminium şirkətinə və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilib. İyulun 4-də saat 4 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunub. Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınıb”.
Y. Eyyubovun sözlərinə görə, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən ibarət ekspert komissiyası yaradılıb: “Komissiyaya rəhbərlik Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb. Komissiya işə başlayıb, bir həftə ərzində araşdırma qurtarandan sonra nəticələr məruzə ediləcək.
Neft Şirkəti üzrə - hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanıb. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcək. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir”.
Y. Eyyubov qeyd edib ki, “Azərsu” üzrə - içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olub:
“Əsas qurğuların mühafizəsi tədbirləri həyata keçirilib, təhlükəsizlik təmin edilib, sıradançıxmanın və subasma hallarının qarşısı alınıb. Elektrik kəsilməsindən dərhal sonra su təchizatı, kanalizasiya qurğuları və şəbəkə sistemlərinin işçi vəziyyəti yoxlanılıb, sıradan çıxmış hissələrin bərpası, magistral və şəbəkə xətlərinin qəzalı hissələrinin təmiri üçün təxirəsalınmaz tədbirlər görülüb. Anbarlardakı mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, həyati əhəmiyyətli obyektlərin dayanıqlı su təchizatının, eləcə də əhalinin minimum su təchizatının təmin olunması üçün 100-dən artıq sudaşıyan maşın cəlb edilib. Hazırda regionların su təchizatı tam təmin edilib, Bakı şəhərinin tələbatına uyğun olaraq şəbəkə sistemlərinin fasiləsiz su ilə təchizatı səviyyəsi 92-93 faizdir. Anbarlardakı su ehtiyatlarının həcmi isə 45-50 faizdir. Şəbəkə sistemlərinin hidravlik rejimlərinin pozulması nəticəsində baş vermiş qəzaların aradan qaldırılması, tələbata uyğun su təchizatı və su ehtiyatı iyulun 5-dək tam təmin ediləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər