Görkəmli qazax alimi Akılbek Şayaxmet Sumqayıtda

Görkəmli qazax alimi Akılbek Şayaxmet Sumqayıtda Bu gün Sumqayıt şəhər Poeziya Evində “Evimizin fəxri qonaqları” silsiləsindən növbəti tədbir keçirilib.
Poeziya Evinin bu dəfəki fəxri qonağı görkəmli qazax şairi və dramaturqu, tərcüməçi və alimi, Kostanay Dövlət Universitetinin professoru və “Media Mərkəz”in direktoru, Qazaxstan Yazıçılar İttifaqının Kostanay və Torqay vilayətləri üzrə məsləhətçisi Akılbek Şayaxmet olub.
Doğma Qazaxstanda, eləcə də MDB məkanında və Avropada öz bədii və elmi əsərləri ilə çox yaxşı tanınan Akılbek Şayaxmet bir neçə xarici dilə də tərcümə olunmuş “Piramida”, “Mənim orbitim”, “Çölün sədası” kimi 40-dan çox kitabın müəllifidir. O, eyni zamanda ictimai xadim olaraq da dövlət strukturlarında -Kostanay Vilayəti üzrə Milli Siyasət komitsəsi sədrinin müavini, Vilayət Mədəniyyət İdarəsi rəisinin müavini, Vilayət Təhsil departamenti direktorunun müavini, A.Baytursunov adına KDU-nun Qazax və rus filologiyası İnstitutunun direktoru kimi bir çox mühüm vəzifələrdə çalışıb. M.Kaşqari Beynəlxalq mükafatının laureatı olan A.Şayaxmet indiyədək bir çox respublika və beynəlxalq miqyaslı mükafatlara layiq görülüb.

Görkəmli qazax alimi Akılbek Şayaxmet Sumqayıtda

Tədbiri giriş sözü ilə açan Əli Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı qonaq haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, Akılbek Şayaxmetin yaradıcılıq məziyyətlərindən danışıb və onun Azərbaycan-Qazaxstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərindən söz açıb, sonda Ə.Kərim adına Poeziya Klubunun “Fəxri Üzvü” vəsiqəsini qonağa təqdim edib. Dəvətə və yüksək səviyyəli qəbula görə Poeziya Evinin rəhbərliyinə və bütün sumqayıtlı yazarlara öz təşəkkürünü bildirən A.Şayaxmet Azərbaycan ədəbiyyatına yaxından bələd olduğunu dilə gətirərək qazax və rus dillərində öz şeirlərini səsləndirib. Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət şurasının başkanı, şair-publisist Əkbər Qoşalı öz növbəsində qonağı Azərbaycanda görməkdən məmnun olduğunu dilə gətirərək, Qazaxstan və Azərbaycanın gənc yazarlarının əməkdaşlığının ortaq uğuru olan “Yeni Qazax şeiri”(azərbaycan dilində) və “Yeni Azərbaycan şeiri” (qazax dilində) antologiyalarını qonağa hədiyyə edib. Sumqayıtlı ziyalılar adından söz verilən doktor Hümbət Quliyev öz növbəsində qonağı salamlayaraq şəhərimiz haqqında daha geniş məlumat verib və Sumqayıtın simvolu olan “Göyərçin abidəsi” suvenirini ona hədiyyə edib. Sonra söz sumqayıtlı yazarlara verilib.
Sonda fəxri qonaq özünün yeni kitablarını, redaktoru olduğu və Azərbaycan ədəbiyyatından tərcümələrin də dərc olunduğu “Jas orken Kostanay”(Kostanay gəncliyi) dərgisini, “Kostanayı tanı” qəzetlini və milli qazax geyimini Poeziya Evinə hədiyyə edib.

Mətbuat Xidməti

Oxşar xəbərlər