Deputat: Erməni qumarbazın işğal olunmuş ərazilərimizə gətirilməsi düşmən ordusunun acınacaqlı vəziyyətdə olduğunu göstərir

Deputat: Erməni qumarbazın işğal olunmuş ərazilərimizə gətirilməsi düşmən ordusunun acınacaqlı vəziyyətdə olduğunu göstərir Ermənistan ordusu ciddi hərbi-psixoloji depressiya içərisindədir, şəxsi heyəti komplektləşdirə bilmir və hərbi xidmət yaşı çatan gənclər kütləvi şəkildə ölkəni tərk edir. Bunu Tehsil-press.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, elə Ermənistan cəmiyyətində də işğalçılıq eyforiyası başa çatıb və artıq real hərbi-siyasi və geostrateji vəziyyət haqqında obyektiv təsəvvürlər formalaşır:
“Bu mərhələdə dərk edilən odur ki, Azərbaycan və onun Silahlı Qüvvələri nəinki regionun, eləcə də bütövlükdə postsovet məkanının ən güclüləri sırasındadır və bu ölkənin torpaqlarını işğal altında saxlamaq mümkün deyil. Üstəlik, Azərbaycan diplomatiyasının strateji həmlələri işğalçı Ermənistanın ənənəvi müttəfiqlərini də özünün tərəfdaşına çevirməyi bacarıb. Bu isə Ermənistan cəmiyyətində və ordusunda ciddi xof yaradıb. Belə kritik vəziyyətdə erməni əsilli amerikalı qumarbaz Den Bilzeryanı Azərbaycanın işğal altında olan torpaqlarına gətirərək işğalçı quldur birləşmələrində yüksək əhvali-ruhiyyə yaratmağa çalışırlar. Ancaq bu, mümkün deyil. Hamı dərk edir ki, Bilzeryan kimiləri ilə ordu qurmaq və işğal faktını uzatmaq olmaz. Bu hadisə özlüyündə Ermənistanın işğalçı ordusunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir”.
Deputat qeyd edib ki, bu cür ucuz reklama heç bir ciddi dövlət və ciddi ordu əsla yol verməz: “Yaxşısı budur ki, ermənilər Azərbaycanın torpaqlarından geri çəkilmək barədə düşünsünlər. Bu onların özü üçün və bütövlükdə regionun gələcəyi üçün ən doğru addım olardı”.
Qeyd edək ki, ABŞ-da yaşayan erməni əsilli qumarbaz Den Bilzeryan Azərbaycanın işğal altında olan torpaqlarına gətirilib və orada müxtəlif silahlardan hədəfə atəş açıb.

Tehsil-press.az

Oxşar xəbərlər