Təhsil naziri: Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə iki dəfə azalıb

Təhsil naziri: Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə iki dəfə azalıb Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə iki dəfə azalıb. Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faiz təşkil edir. Növbəti illərdə bu göstəricinin aşağı salınması istiqamətində təsirli tədbirlər görüləcək.
Bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı da 2012-ci illə müqayisədə xeyli azalıb. Belə ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçib. C.Bayramov deyib: "Bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bunlar islahatların və dəyişikliklərin aparılmasına nikbin baxılmasına əsas verir”.
Şagirdlərin dərs yükü məsələsinin daim müzakirə olunduğunu diqqətə çatdıran nazir deyib: “Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirilməsi istiqamətində ciddi addımlar atılacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər