Son 5 ildə oxu bacarıqları üzrə yüksək nəticə göstərən şagirdlərin sayı 2 dəfə artıb

Son 5 ildə oxu bacarıqları üzrə yüksək nəticə göstərən şagirdlərin sayı 2 dəfə artıb Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS-in nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.
1news.az-ın verdiyi xəbərə görə, PIRLS ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramıdır.
PIRLS tədqiqatı Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan Respublikası bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.
Ölkəmiz PIRLS, TİMSS və PİSA beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.
PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə 4 – “mükəmməl”, “yüksək”, “orta” və “aşağı” səviyyəyə bölür. Sevindirici haldır ki, PIRLS 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 27 faiz azalıb.
PIRLS 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib.
İbitidai təhsildə keyfiyyət artımı insan kapitalının və iqtisadiyyatın inkişafına uzun müddətdə müsbət təsir edən həlledici amillərdəndir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı ilə bağlı layihələr, şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş “Zərdabi” layihəsi, valideynlərlə iş buna bariz nümunədir.

Kəmalə Rəhimli


Oxşar xəbərlər