DİM yeni imtahan modelinə uyğun imtahan keçirəcək

DİM yeni imtahan modelinə uyğun imtahan keçirəcək Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni təhsil proqramları (kurikulum) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
Sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 6600 şagird qeydiyyatdan keçib. Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar.
İmtahanların idarə edilməsi üçün 45 imtahan rəhbəri, 408 nəzarətçi-müəllim ayrılıb. Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən şagirdlər imtahana buraxılmır.

Mətbuat Xidməti


Oxşar xəbərlər